İmtahandan 25 dəqiqə tez çıxdı, yüksək bal TOPLADI

 13:40 25.06.2025     436

Müəllimlərin sertifikatlaşdırılması prosesində Gəncə məktəbinin müəllimi Gülbəniz Məmmədova kimya fənnindən 57 bal toplayaraq Gəncə–Daşkəsən Regional Təhsil İdarəsi üzrə ən yüksək nəticə göstərən müəllimlərdən biri olub.

Redaktor.az xəbər verir ki, “Azərbaycan müəllimi” Gülbəniz Məmmədovanın imtahandan sonrakı təəssüratlarını öyrənib.

“Uğura gedən yol zəhmətin qapısından keçir”

Gülbəniz müəllim 2017-ci ildə MİQ imtahanında ixtisas üzrə 100% nəticə göstərərək müəllim fəaliyyətinə başlayıb. Təcrübəli müəllim uzun müddət Gədəbəydə çalışıb, hazırda isə Gəncə şəhər 23 nömrəli məktəbdə və Fizika, riyaziyyat və informatika təmayüllü liseydə kimya fənnini tədris edir.

Müəllim bildirir ki, imtahandan 25 dəqiqə tez çıxıb:

“Çətinlik çəkmədim, amma bir az həyəcanlı idim. İki sualın cavabını dəyişdim və təəssüf ki, səhv oldu. Həyəcan olmasaydı, inanıram ki, 60 bal da yazmaq olardı”.

Gülbəniz Məmmədovanın fikrincə, bu imtahanlar müəllimin öz üzərində çalışmasına şərait yaradır:

“Sertifikatlaşdırma lazımdır. Müəllim inkişaf edir, öyrənir. Elm elə bir dəryadır ki, nə qədər öyrənsək də, yenə də bilmədiyimiz çox şey qalır”.

O, imtahana xüsusi hazırlaşmadığını, lakin öz fənnini dərindən bildiyini qeyd edir. Uğurunun sirrini isə zəhmət və əzmdə görür:

“Uğura gedən yol zəhmətin qapısından keçir. Elə vaxt olub ki, 2 saat yatıb dərsə getmişəm. Amma heç vaxt yorulmamışam, səbirlə hər şeyi öyrətmişəm”.

Gülbəniz Məmmədovanın müəllimlərə tövsiyəsi belədir:

“Gənc müəllimlər çox çalışsınlar. Məntiq, tətbiq, məsələ həlli üzərində çox dayansınlar. Hədəf həmişə öndə olmaq, savad, nəticə ilə fərqlənməkdir”.

Gülbəniz müəllim kimyanı şagirdlərinə sevdirməyə çalışır, onların uğurunu öz uğuru kimi qəbul edir.

Onun fikrincə, müəllimin işi təkcə mövzunu izah etməklə bitmir, şagirdin elmə olan marağını oyatmaq və ona istiqamət vermək də müəllim məsuliyyətinin bir hissəsidir:

“Dərsdə çalışıram ki, kimyanın yalnız formul və reaksiyalardan ibarət olmadığını göstərim. Kimyanın real həyatda tətbiqini göstərdikdə şagirdlər dərsə daha çox maraq göstərirlər. Onlar uğur qazandıqca mən də ruhlanıram”.

Gülbəniz Məmmədova hesab edir ki, müəllim daim öz üzərində işləməli, dövrün tələblərinə uyğun olaraq biliklərini təkmilləşdirməlidir:

“İnkişaf dayanmaq deyil. Hər bir müəllim istər gənc, istər təcrübəli olsun, öyrənmə prosesində fəal olmalıdır. Yeni tədris metodlarını izləmək, müasir yanaşmalarla işləmək, texnologiyadan istifadə etmək artıq zərurətdir”.

O, müəllimlərə öz fənlərinə yanaşmada yaradıcı və məsuliyyətli olmağı tövsiyə edir:

“Şagirdlər müəllimin əzmini və sevgisini hiss edirlər. Əgər sən dərsi sevərək keçirsənsə, o sevgi qarşı tərəfə ötürülür. Ona görə də müəllimlər fənlərini sevməli, ruhdan düşməməli və hər zaman yeniliklərə açıq olmalıdırlar”.

Sonda Gülbəniz müəllim bu cür qiymətləndirmə imtahanlarının müəllimlərin peşəkar inkişafı baxımından mühüm olduğunu vurğulayaraq bildirir ki, bu proses həm məsuliyyət hissini artırır, həm də fərdi inkişaf üçün stimul yaradır:

“Əldə etdiyim nəticə məni daha da həvəsləndirdi. Bu, son deyil, irəli getmək üçün bir pillədir və mən daha yüksək zirvələr üçün çalışmağa davam edəcəyəm”.