"Sertifikasiya 3 ildən bir keçirilsin, bütün imtahanlar DİM-ə verilsin" - Elşən Qafarov

"Sertifikatlaşdırma və yaxud attestasiya müəllimlərin peşəkarlığının yoxlanması prosesidir. Dünyanın ayrı-ayrı ölkələrində bu, fərqli vaxtlarda keçirilir. Ümumilikdə baxsaq, 3-5 il ərzində keçirilir".
Bu fikirləri Redaktor.az-a təhsil eksperti Elşən Qafarov sertifikasiya imtahanlarında edilməli olan dəyişikliklərdən danışarkən bildirdi.
"Azərbaycan Respublikasında müəllim peşəkarlığı müstəqilliyimiz dövründə 1994-cü ildə formal şəkildə həyata keçirilib. Dünyadakı aparıcı təhsil sistemlərində təhsil sisteminin keyfiyyət göstəricilərindən biri də məhz müəllimlərin peşəkarlıq səviyyəsinin yoxlanılmasıdır. Proses bizdə 2022-ci ildən başlayıb. 2026-cı ildə isə başa çatacaq. 2027-ci ildə sertifikatlaşdırmanın 2-ci mərhələsi başlayacaq. Təbii ki, ilk sertifikasiya mərhələsində buraxılmış nöqsanlar aradan qaldırılmalıdır. Müəllimlərin təkcə pedaqoji yox, elmi-pedaqoji səviyyəsinin yoxlanması ilə bağlı yeni mexanizmlər qaydalara daxil edilə bilər. Çox arzulayardım ki, sertifikasiya 3 ildən bir keçirilsin və beynəlxalq səviyyəyə uyğun olaraq keçirilsin. Sualların 40 faizi metodikadan, 60 faizi tədris olunan fənnin metodikasından salınsın. Biz müəllimin peşəkarlığını yoxlayırıq", - deyə o, əlavə etdi.
Ekspertin sözlərinə görə, metodiki, pedaqoji, psixoloji yanaşmalara daha çox üstünlük verilməlidir.
"Azərbaycanda sertifikatlaşdırmanın 3 ilə düşməsi gözləniləndir. Ən əsası, Elm və Təhsil Nazirliyi, onun bölmələri imtahan keçirməklə məşğul olmamalıdır. Təhsil Nazirliyinin sistemində olan bütün imtahanlar Dövlət İmtahan Mərkəzinə verilməlidir. Təhsil qalır bir yanda, imtahanla məşğul oluruq. Hər orqan öz işi ilə məşğul olmalıdır. Növbəti sertifikasiya imtahanlarının, təhsil sistemindən olan digər imtahanların DİM-ə verilməsi labüddür", - deyə E.Qafarov vurğuladı.
Aytəkin TOFİQQIZI