Filoloqların sertifikasiya imtahanı təkrar keçirilməlidir - Ramin Nurəliyev

"Sosial media hesabımda filoloqlara keçirilən sertifikasiya imtahanı barədə heç açıqlama verməmişdim. Məndən açıqlama istənirdi, amma bu mövzuya toxunmurdum. Digər fənnlərlə bağlı isə açıqlama vermişdim. Hətta sertifikasiyadan kəsilənlərə yeni şans verilməsini məqsədəuyğun hesab etmədiyimi bildirmişdim. Amma filoloqlarla bağlı danışmamışdım".
Bu fikirləri Redaktor.az-a təhsil eksperti Ramin Nurəliyev Azərbaycan dili və ədəbiyyatı fənnindən keçirilən sertifikasiya imtahanından sonra müəllimlərin etdiyi narazılıqlardan danışarkən bildirdi.
"Çoxsaylı müraciətlərə əsasən araşdırmalar apardım. Çıxışları izlədim. Müşahidə etdim ki, imtahanda vaxt məhdudiyyəti həqiqətən olub. Verilən mətnlərə uyğun vaxt seçilməyib. Bu, ümumi olaraq təsir göstərən haldır. Bu imtahanın ya təkrar keçirilməsini, ya da sualların bir qisminə düzəliş olunmasını təklif etmişəm".
Ekspert qeyd etdi ki, imtahanın təkrar keçirilməsi daha doğru olar.
"Hazırda Kimyadan da narazılıqlar var. Mən isə hələ ki, məsələni araşdırıram. Filologiyada vəziyyət fərqlidir. Söhbət düşən sualların mətn ağırlıqlı olmasından, hər bir mətndən ayrılan vaxtın digər fənnlərlə eynilik təşkil etməsindən gedir. Azərbaycan dilinə ayrılan vaxtla digər fənnlərə ayrılan vaxt eynidir. Amma Azərbaycan dilindən mətnin sualları çoxluq təşkil etdiyi üçün məhz problem hiss olunur. Yarım saat əlavə vaxt verilsə, bəlkə də problem aradan qaldırılardı. Mövzu onsuz da azdır, müəllim dərs keçir. Suallar çətin idi demirik, vaxt məsələsini deyirik",- deyə müsahibimiz vurğuladı.
Aytəkin TOFİQQIZI