“İddialar haqlıdırsa, nazirlik müəyyən ölçü götürəcək” - AÇIQLAMA

 22:56 25.06.2025     1425

"Belə halda imtahanı götürən tərəf müəyyən güzəştlər nəzərdə tutur. Məsələn, səhv sual müəllimin xeyrinə sayılır".

Bu fikirləri Redaktor.az-a təhsil eksperti İlqar Orucov Azərbaycan dili və ədəbiyyatı fənnindən olan sertifikasiya imtahanının təhlilindən sonra verilə biləcək qərarlardan danışarkən bildirdi.

"Amma bu kifayət qədər məsuliyyətli işdir. Bu iddialar haqlıdırsa, nazirlik müəyyən ölçü götürəcək. Emin Əmrullayevin məsələyə nə qədər həssas yanaşdığını bilirəm. Obyektiv və şəffaf olduqlarını görürük. İnanmıram ki, təhsil naziri hansısa məktəb müəlliminin sertifikasiyadan uğursuz nəticə əldə etməsində maraqlı olar. Bu, təbii ki, mümkünsüzdür. Nazir də istəyər ki, onun rəhbərlik etdiyi sahədə müəllimlər daha yaxşı nəticə əldə edə bilsinlər".

Təhsil eksperti vurğuladı ki, müəllim üzərində işləməlidir.

"Mənə də çox müraciətlər olur ki, “imtahandan kəsilmişəm, nə etməliyəm?” Müxtəlif yollar axtaranlar da olur ki, çıxış tapsınlar. Məsələ həm də məsuliyyətdir. Əminəm ki, vaxt gələcək, cəmiyyət özü bu prosesi alqışlayacaq. Başa düşəcəklər ki, bu, övladlarımızın naminədir",- deyə İlqar Orucov qeyd etdi.

Aytəkin TOFİQQIZI