"ARTİ sualların sızmasının qarşısını almalıdır" - Ekspertdən sertifikasiya ilə bağlı TƏKLİF

Təhsilverənlərin sertifikasiya prosesi ilə bağlı ta əvvəldən bu vaxtadək səsləndirilən fikirlərdən ən doğru yanaşma olaraq (təvazökarlıqdan uzaq) elə öz fikrimi görürəm.
Proses başlananda dediyim fikirləri təkrar edirəm:
Hər iki cəhd üzrə müvafiq müsabiqə şərtini ödəməyən şəxsləri vaxtından öncə təqaüdə göndərərək ya onların faktiki aldığı əmək haqqını təqaüd olaraq vermək, ya da çalışdıqları illəri nəzərə alaraq uyğun təqaüd təyin etmək lazımdır.
Necə ki, biz bunu səhiyyə sistemində tətbiq edə bilirik, təhsildə də tətbiq etmək çətin olmamalıdır. Təqaüdə göndərməyə gəlincə isə bu praktikamız da bir çox dövlət qurumunda mövcuddur. Müəllimlər heç də onlardan geri qalmırlar!
Qaldı ki, sualların tərtibi məsələsinə, fikrimcə, ARTİ DİM-dən örnək almalı və sualların sızmasının qarşısını almaqdan tutmuş, formata, proqrama, texniki və elmi səhv olmamasınadək hər şeyi doğru-dürüst etməlidir. Fənlərarası fərqlilik əgər tətbiq olunubsa mütləq bu aradan qalxmalıdır. Hansısa kursların, repetitorların prosesdə iştirakı minimallaşdırılmalıdır. Əks halda “bazar” təfəkkürü hökmranlığını və rezonans marağını saxlayacaq.
İmtahanlarının təşkilati məsələləri MÜTDA-nın ixtiyarındadı. Fikrimcə, MÜTDA da hər bir şəxs üçün bərabər səviyyədə hüquqları təmin etməlidir.
Nəhayət, biz bu ağrılı prosesi mütləq yekunlaşdırmalıyıq. Görünən odur ki, bu il ilk dəfə imtahan verənlər ilk il imtahan verənlərdən nəticə baxımından ciddi fərqlənirlər. Fikrimcə, bunun əsas səbəbi yetərli zamanlarının olmasından dolayı kifayət qədər özlərini inkişaf etdirmələrindən asılıdır. İkinci dövrə başlananda biz daha fərqli nəticələri görəcəyik. Hazırda isə yuxarıda qeyd etdiyim kimi həmrəy olub prosesin bitməsini gözləməli və prosesə dəstək olmaqla yanaşı, iradlarımızı bildirməkdən də çəkinməməliyik!
Bütün təhsilverənlərə səbr və uğur arzulayıram!
Elçin ƏFƏNDİ,
təhsil eksperti