Sertifikasiya qalmaqalı böyüyür - Kamran Əsədov daha bir FOTO PAYLAŞDI

 23:12 27.06.2025     1055

"Hazırda müəllimlərin mübarizəsi yalnızca qiymət almaq, bal toplamaq, işlərini qorumaq deyil. Bu, daha dərinə gedən, sistemlə, haqsızlıqla, riyakarlıqla savaşdır. Müəllim sertifikasiya imtahanında təkcə bilik yoxlanmır — eyni zamanda bu ölkədə şəffaflığın, ədalətin, məsuliyyətin nə qədər zədələndiyi bir daha üzə çıxır".

Redaktor.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Pedaqoji Universitetinin Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin direktoru, təhsil eksperti Kamran Əsədov özünün feysbuk hesabında yazıb.

Onun sözlərinə görə, sertifikasiyanın başlanmasından 10 gün keçir, amma imtahanda istifadə olunan suallar hələ də ictimaiyyətə açıqlanmayıb.

"Niyə? Nə gizlədirsiniz? Müəllimlər çıxıb deyirlər ki, bu suallar imtahanda düşüb, siz isə mediaya çıxıb yalan danışaraq inkar edirsiniz. Bu nə deməkdir? Həqiqəti deyənlərə yox, yalan danışanlara inanan sistem formalaşdırırsınız?

Açıqlayın o sualları! Bütün ardıcıllığı ilə! Müəllimlər apellyasiya verəndə hansı suala istinad edib şikayət etsin? Apellyasiya hüququ yalnız forma xatirinədir, məzmun yoxdursa, necə istifadə olunsun?

Siz imtahanın şəffaflığını təmin etməli idiniz, amma onun məzmununu gizlətdiniz. Əvvəlcədən sızdırılmış, müəyyən adamlara ötürülmüş testlərin ictimaiyyətlə bölüşülməməsi sualların qərəzli və sifarişli olduğunu təsdiqləyir.

Bu, imtahan deyil, teatr tamaşasıdır. Tamaşaçısı da müəllim, hədəfi də. Amma unutmayın, müəllimlər sizdən daha çox bilir. Onlar indi həm öz işlərinə görə, həm də sizin riyakarlığınıza qarşı mübarizə aparırlar. Bu xalqın gələcəyini yetişdirən insanları belə alçaltmaq, onları yalanla üz-üzə qoymaq — təkcə təhsilə yox, cəmiyyətə xəyanətdir", - deyə Kamran Əsədov qeyd edib.

Təhsil eksperti feysbukda yazdığı posta sertifikasiya suallarının yayılması barədə foto da əlavə edib.

Qeyd edək ki, daha öncə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi sosial şəbəkələrdə yayılan imtahan suallarının sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsində istifadə edilmədiyi barədə açıqlama yayıb. Bundan sonra Kamran Əsədov feysbukda müəyyən fotoları paylaşaraq, imtahanda iştirak etmiş müəllimlərdən test tapşırıqlarına baxmağı və bu sualların imtahanda istifadə olunub-olunmadığını dəqiqləşdirməyi xahiş edib. Ekspertin paylaşımlarına rəy yazan bəzi müəllimlər həmin sualların imtahana düşdüyünü yazıblar. 

T.İSMAYIL

2