"Sertifikasiyanı elə keçirmək lazımdır ki, çox adam kəsilməsin" - Keçmiş təhsil naziri

Müəllimlərin sertifikatlaşdırılması prosesi ilə bağlı ekspertlər tərəfindən müxtəlif fikirlər, təkliflər səsləndirilir. İrəli sürülən təkliflərdən biri də hər iki cəhd üzrə müvafiq müsabiqə şərtini ödəməyən şəxslərin təqaüdə göndərilməsidir.
Mövzu ilə bağlı Redaktor.az-a danışan keçmiş təhsil naziri, professor Firudin Cəlilov bildirdi ki, müəllimlərin sertifikasiyası lazımlıdır.
"Mən 30 ildir sistemdən ayrılmışam. Buna görə verdiyim proqnozlarda yanlışlıq ola bilər. Müəllimlərin mövcud vəziyyətini öyrənib nəticə çıxarmaq olar. Sertifikasiya lazımlı prosesdir. Amma onu elə keçirmək lazımdır ki, çox adam kəsilməsin. Tutaq ki, şəxs 10 il müəllim işləyir, sertifikasiyadan keçmir. Onu təqaüdə göndərməklə nə qazanırıq? Onun yerinə gələn yenilər ondan savadlımı olacaq? Halbuki get-gedə müəllimlərin savad dərəcəsi azalır. Niyə? Çünki universitetlərdə elə proqramlarla onlara dərs keçirlər ki, o, effektiv olmur. Pedaqoji sahədə böyük nöqsanlar var. Kökü burada axtarmaq lazımdır. Bu, müəllimin günahı deyil", - deyə keçmiş nazir fikrini tamamladı.
Aytəkin TOFİQQIZI