"Apellyasiyanın nəticələri elan olunmadan müəllimlərin əmək müqaviləsinə xitam verilib" - Elşən Qafarov

"Sertifikasiyanın nəticələri ilə bağlı narazılıqlar səbəbsiz deyil. Mətnlərin həddindən artıq böyük olması, Kimya suallarının olimpiada tipli olması, bəzi sualların sızdırılması və s".
Bu fikirləri Redaktor.az-a təhsil eksperti Elşən Qafarov orta məktəb müəllimlərinin sertifikasiya imtahanları ilə bağlı səsləndirilən narazılıqlardan danışarkən bildirdi.
"Eyni zamanda imtahan zallarında işığın sönməsi, texniki problemlər birbaşa nəticəyə təsir edən amillərdir. Birmənalı şəkildə 2025-ci il sertifikasiya imtahanı göstərdi ki, Elm və Təhsil Nazirliyi nə sertifikasiya, nə də digər imtahanları keçirmək qabiliyyətində deyil. Bütün imtahanlar Elm və Təhsil Nazirliyindən alınıb DİM-ə verilməlidir. Apellyasiyanın nəticələri elan olunmadan müəllimlərin əmək müqaviləsinə xitam verilib. Bu, qanunvericiliyin birbaşa pozulmasıdır. Apellyasiyaya müraciət zamanı 30 gün gözlənilməlidir", - o, qeyd etdi.
Ekspert bildirdi ki, apellyasiya nəticələri elan olunduqdan sonra müəllimlərin işinə xitam verilməli idi.
"Nəticə ilə tələm-tələsik xitam vermək göstərir ki, Elm və Təhsil Nazirliyində rəhbər işçilərin məqsədi narazılığı artırmaqdır. Nazir yalançı bəyanat verir ki, araşdıracağıq. Necə araşdıracaqsınız ki, apellyasiyaya müraciət edən şəxslərin cavabları bilinməmiş işlərinə xitam verilib? Bəlkə müraciətlər doğrudur? Ən böyük məsələ təhsil idarə orqanları məktəb direktorlarının vasitəsilə müəllimlərə təzyiq edərək, işdən azad olunanların bir də heç yerdə işləyə bilməyəcəyi ilə bağlı yalan məlumat yayırlar. Nəticədə onların ərizələri alınır. Sertifikasiyadan kəsilən hər 10 nəfərin 8-dən ərizə alınır ki, onlar könüllü şəkildə gedirlər. Nəticə elan olunduqda kiçik rəqəm göstərəcəklər. Elan olunan rəqəmdən 3-4 dəfə çox kəsilənlər olacaq. Elm və Təhsil Nazirliyinin tədbir görəcəyinə inanmıram. Tək yol məhkəməyə müraciətdir", - deyə Elşən Qafarov vurğuladı.
Aytəkin TOFİQQIZI