Sektor müdirindən ibtidai təhsilin 5 illik olması təklifinə ETİRAZ: "Qəti ehtiyac yoxdur"

 17:55 01.07.2025     267

"Dünya təcrübəsində ibtidai sinif təhsili, erkən təhsil, onun tədrisi və forması ilə bağlı müxtəlif forma və məzmunlar vardır. Beynəlxalq təcrübədə bir çox ölkələr erkən təhsilin start müddətini 3 yaşdan hesablayırlar".

Bu fikirləri Redaktor.az-a Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, elm və təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri ibtidai təhsilin 5 il olması ilə bağlı edilən təklifdən danışarkən bildirdi.

"Təbii, biz burada paralelliyi bizim ibtidai tədris formamızla eyni şəkildə apara bilmərik. Azyaşlı bizim tədris sisteminin tələblərinə uyğun olaraq, 6 yaşdan etibarən icbari şəkildə məktəbə gedirsə, xarici nümunədə də hər hansı körpənin məhz bu tələb və prinsiplər əsasında hərəkət etdiyini söyləyə bilmərik. Bunun üçün dünya təcrübəsində fərqli-fərqli nümunələr var. Əslində, bizdə hazırkı məktəbəhazırlıq qruplarının fəaliyyətini könüllü deyil, icbari əsasa salsaq, ibtidai təhsilin də 4 yox, məhz 5 illik olmasını təmin edə bilərik. Şəxsən mən bu prinsipə könüllü şəkildə qoşuluram. İbtidai təhsilin 4 yox, 5 illik edilməsinin əsas mahiyyətini də məhz bununla əlaqələndirsək yaxşı olar", - deyə ekspert vurğuladı.

Elmin Nuri bildirdi ki, tədris sistemimizdə məktəbəhazırlıq qrupları deyilən bir mərhələ var.

"Bu mərhələ 5-6 yaş aralığındakı uşaqları əhatə edir. Hazırlıq qrupları bir ildən sonra başa çatır və uşaqlar dərhal ibtidai təhsilin ilk sinfinə adlayırlar. Düşünürəm ki, məktəbəhazırlıq qruplarını könüllü deyil, icbari əsaslı etsək, onun forma və məzmununa müsbət “əl gəzdirsək”, bu mərhələni də asanlıqla ibtidai təhsilin ilk mərhələsinə aid edib, bu mərhələni 4 ildən 5 ilə uzada bilərik. Mən deyilən fikirlə yalnız bu rakursla yanaşanda razı ola bilərəm. Əks halda, ibtidai siniflərin 4 yox, 5 illik olmasını qəti arzulamazdım. Təsəvvür edin, məktəbəhazırlıq qrupları yerində qalır və biz bununla paralel olaraq ibtidai təhsili də bir il uzadırıq. O zaman 12 illik təhsil mərhələsini məktəbəhazırlıq adlı bonusu ilə birlikdə yaşamalı oluruq. Buna isə şəxsi fikrimcə, qəti ehtiyac yoxdur. Təhsil get-gedə uzanmalı yox, əksinə mobilləşməli, konkretləşməlidir", - deyə o, əlavə etdi.

Aytəkin TOFİQQIZI