"Müəllimlərin çoxu keçid balını toplamırsa, bu, onların yox, imtahanı hazırlayanların acizliyidir"

 02:44 02.07.2025     264

"Elmi məqalə oxumayan, təhsil psixometriyasından, ölçmə nəzəriyyəsindən xəbəri olmayanlar bu dediklərimizi anlamaz. Ona görə də elmi müzakirə lazımdır — amma elmdən xəbəri olanlarla. Çünki 50 faizdən çox iştirakçının keçid balını toplaya bilmədiyi bir imtahan imtahan deyil, biabırçılıqdır. Elmi əsaslara söykənməyən qiymətləndirmə, sadəcə haqsızlıq və zülmdür".

Redaktor.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Pedaqoji Universitetinin Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin direktoru, təhsil eksperti Kamran Əsədov özünün feysbuk hesabında yazıb.

O, əlavə olaraq aşağıdakıları qeyd edib:

"Nitko & Brookhart (2014, Educational Assessment of Students) yazır: “Əgər imtahan iştirakçılarının yarıdan çoxu minimum keçid balını toplaya bilmirsə, o zaman ya tədrisdə, ya testin dizaynında, ya da keçid balının müəyyənləşdirilməsində problem var”.

Bloom et al. (1971, Handbook on Formative and Summative Evaluation) bildirir: “Qiymətləndirmə uğursuzluğu kütləvi şəkildə yox, biliyin təsdiqlənməsi üçün olmalıdır. Əgər uğursuzluq normaya çevrilirsə, deməli test uğursuzdur”.

Hambleton & Swaminathan (1985, Item Response Theory) qeyd edir:

“Test çətinliyi iştirakçıların bilik səviyyəsinə uyğun olmalıdır. Əgər nəticələrdə geniş uğursuzluq varsa, bu, artıq psixometrik qüsurdur”.

OECD (2013, Synergies for Better Learning) hesabatında deyilir: “Qiymətləndirmə çətin, amma əlçatan olmalıdır. Çoxluğun uğursuz olduğu imtahanlar ədalət, tədris uyğunluğu və standartların düzgünlüyü baxımından ciddi suallar doğurur”.

Nəticə: İmtahan iştirakçılarının çoxu keçid balını toplamırsa, bu onların yox, imtahanı hazırlayanların acizliyidir. Qüsurlu test olmamalıdır. Əgər varsa, bu artıq təhsilin suistifadə edilməsidir. Təhsil ölçülər, ölçü isə elmlə aparılar. Elmdən xəbəri olmayanların isə qiymətləndirmə aparmağa haqqı yoxdur".

T.İSMAYIL