Bu Təhsil İdarəsində sertifikasiyadan kəsilən müəllimlərlə görüşlər keçiriləcək

Qarabağ Regional Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan və bu il keçirilən təhsilverənlərin təkrar sertifikatlaşdırılması prosesində müvafiq keçid balını toplamayan müəllimlərlə görüşlər keçiriləcək.
Redaktor.az xəbər verir ki, bu barədə idarənin yaydığı açıqlamada bildirilir.
Qarabağ Regional Təhsil İdarəsinin müvafiq əmrinə əsasən təkrar sertifikatlaşdırma prosesi zamanı uğur qazanmayan təhsilverənlərlə işin təşkili məqsədilə komissiya yaradılıb. Müəllimlər komissiyaya 02-31 iyul 2025-ci il tarixlərində həftənin I-V günləri saat 14:00-dan 17:00-dək yaşadığı ərazi üzrə rayon təhsil sektorlarına müraciət edə bilərlər. Bu müddət ərzində təkrar sertifikatlaşdırmada uğur qazanmayan müəllimlərlə görüşlərdə onların ailə tərkibi və sosial vəziyyəti təhlil olunacaq, prioritetlər üzrə müvafiq qeyri-pedaqoji vakansiyalara uyğunluq meyarları müəyyənləşdiriləcək.
Komissiyaya müraciət edən müəllimlər şəxsiyyət vəsiqəsi, diplom və əmək kitabçasının surətlərini, həmçinin müvafiq sosial statusu təsdiq edən sənədləri təqdim etməlidirlər.