"Çin dili müəllimliyi ixtisasını artırmaq lazımdır" - Təhsil eksperti

 17:51 03.07.2025     439

"Ümumiyyətlə, hazırda Azərbaycan təhsil sistemində Çin dilinin nümunələrini görə bilirik. Ali təhsil müəssisələrinə qəbul imtahanlarında abituriyentlər regionşünaslıq (Çin üzrə), tərcümə (Çin üzrə) ixtisaslarını yazıb bu ixtisaslar üzrə təhsil alırlar. Hətta bu ixtisasları bitirən tələbələrimiz də var".

Bunu Redaktor.az-a təhsil eksperti Ramin Nurəliyev Azərbaycanda Çin dilinin tədrisindən danışarkən bildirdi.

Onun sözlərinə görə, əgər xarici dil kimi Çin dili qəbul imtahanlarına əlavə edilərsə, həmin ixtisasları bitirənlərin iş imkanları da olmuş olacaq. 

"Qəbulda bu xarici dildən sual salınacaqsa, bu o deməkdir ki, ümumtəhsil məktəblərimizdə Çin dilinin tədrisi həyata keçiriləcək. Bu təqdirdə ixtisası bitirənlərin iş imkanları olacaq. Hazırkı mövcud vəziyyətə görə o qədər də çox Çin dili üzrə tədris həyata keçirən kadr yoxdur. Amma zaman keçdikcə bu kadrlar demək olar ki, ali təhsil müəssisələrini bitirib formalaşmış olacaqlar. Bununla yanaşı, Filologiya (Çin dili) ixtisasını da ali təhsil müəssisələrinə salmaq olar. Çin dili müəllimliyi ixtisasını da artırmaq olar. Bu ixtisaslar əlavə olunduğu təqdirdə artıq kadr çatışmazlığı aradan qaldırılmış olacaq", - deyə Ramin Nurəliyev vurğuladı.

Aytəkin TOFİQQIZI