DİM abituriyentlərin ballarını niyə endirib? - AÇIQLAMA

 18:54 03.07.2025     69

Ali təhsil müəssisələrinə qəbul imtahanları abituriyentlərin gələcək təhsil həyatında mühüm mərhələdir. İmtahan nəticələrinin obyektiv və düzgün qiymətləndirilməsi isə onların haqlarının qorunmasında əsas amildir. Apelliyasa bu mühüm mərhələnin yekunudur.

Bəs apelliyasiya zamanı cavablar nə dərəcədə doğru yoxlanılır?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi bildirdi ki, Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən imtahandan sonra, hansı ki, nəticələr elan olunur, bir müddət sonra apellyasiya müraciətləri elan edilir, abituriyentlərin imtahanla bağlı narazılıqları varsa, onlar apellyasiyaya müraciət edə bilərlər:

"Bu, istər buraxılış, istərsə də blok imtahanından sonra mümkündür. Ondan dərhal sonra qeydiyyat aparılır və abituriyentlər hər hansı bir sual az qiymətləndirilibsə, hər hansı elmi və ya texniki yanlışlıq olarsa, bununla bağlı müraciətlərini qeyd edə bilərlər. Əlbəttə, ümumi aparılan araşdırmadan sonra məlum olur ki, məsələn, hansı ki, marker müəllimlər tərəfindən yoxlama zamanı ola bilər, hansısa müəllimin nəzərindən yayınıb, texniki olaraq bal artıq və ya əskik verilə bilir. Bunlar da araşdırıldıqdan sonra abituriyentlərə bununla bağlı informasiya verilir".

Ekspert qeyd etdi ki, hal-hazırkı vəziyyətdə sonuncu blok imtahan nəticələri elan olunduqdan sonra apellyasiyada müəyyən oldu ki, bir neçə abituriyentin nəticələri dəyişdirilib, balları artıb.

"6 abituriyentin suallarının yoxlanılmasında texniki xətaya yol verildiyindən ballarda enmə müşahidə olunur.

Əlbəttə, belə vəziyyətə müraciətlər zamanı baxılır və həqiqətən araşdırma zamanı görülür ki, abituriyentlərə yoxlama zamanı marker müəllimlərin diqqətindən yayınan bir nüans olub. Bu halda müəllimi də qınamaq olmur. Yazı həddindən artıq çoxdur. Yazı işlərinin yoxlanılması zamanı hansısa söz götürülməyə bilir. Bu halda bal aşağı düşür.

Düşünəndə ki, apellyasiya prosesi abituriyentlərin xeyrinə olan bir prosesdir, müqayisə edəndə, 400-500 nəfərin nəticəsi artarkən, 5-6 nəfərdə bal düşmə hadisəsi görülür. Bu da yol verilən xətadır", - deyə Elçin Əfəndi vurğuladı.

Xədicə BAXIŞLI