Müddətli əmək müqaviləsi ilə ikinci iş yerində çalışmaq istəyən müəllimlərin NƏZƏRİNƏ!

Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində ikinci iş yeri üzrə müddətli əmək müqaviləsi ilə fəaliyyət göstərmək istəyən müəllimlər üçün qeydiyyat başlayıb.
Redaktor.az xəbər verir ki, bu barədə idarənin yaydığı elanda deyilir.
Namizədə aid tələblər aşağıdakılardır:
Hazırda ümumi təhsil müəssisəsində müddətsiz müqavilə ilə çalışmaq;
Hazırda çalışdığı təhsil müəssisəsində dərs yükünün 18 saatdan az olması;
Seçəcəyi vakansiya ilə birlikdə ümumi dərs yükünün 24 saatdan artıq olmaması;
Sertifikatlaşdırma üzrə test nəticəsinin minimum 85% olması;
Sertifikatlaşdırma keçirilməyənlərə münasibətdə sonuncu qiymətləndirmə (diaqnostik qiymətləndirmə və ya müəllimlərin işə qəbulu üzrə müsabiqə) nəticəsinin minimum 85% olması.
1 vakant yerə 1 nəfərdən artıq namizəd olduğu halda seçim ardıcıllığı aşağıdakı kimi müəyyən olunur:
Sertifikasiya nəticəsi ən yüksək olan namizədə, sertifikatlaşdırma prosesində iştirak etməyən namizədlərdə sonuncu qiymətləndirmə (diaqnostik qiymətləndirmə və ya müəllimlərin işə qəbulu üzrə müsabiqəsinin) nəticəsi ən yüksək olan namizədə üstünlük verilir.
Xüsusi qeyd:
Həvəsləndirmə tədbirləri tətbiq olunan məktəblərdə çalışanların həvəsləndirmə tədbirləri tətbiq edilməyən məktəblərdə ikinci iş yerində çalışmasına icazə verilmir.
Müddətli əmək müqaviləsi ilə ikinci iş yerində çalışmaq üçün Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində çalışan müəllimlər seçim edə bilərlər.
Namizədlər yalnız 1 vakant yer seçə bilərlər.
Məqsədimiz yüksək nəticə göstərmiş müəllimlərin daha çox şagirdə çıxışını təmin etmək və tədrisin keyfiyyətini artırmaqdır.
Qeydiyyat linki - https://forms.gle/iUvazr8VH1diychMA
Son qeydiyyat tarixi: 6 iyul / saat 23:59