"İmtahanın formatında və ya yoxlama prosesində dəyişiklik edilməlidir" - Ramin Nurəliyev

"Abituriyentin fikrinə diqqət yetirmədən birbaşa edilən müraciət Dövlət İmtahan Mərkəzinin apellyasiya komitəsi tərəfindən qiymətləndirilir. Bu, əslində doğru yanaşma deyil".
Təhsil eksperti Ramin Nurəliyev bu fikirləri Redaktor.az-a abituriyentlərin şikayətləri üzrə apellyasiya prosesindən danışarkən bildirdi.
"Apellyasiya anlayışı odur ki, müraciət edənlə məsələ müzakirə olunacaq və qərar veriləcək. Amma təəssüflər olsun ki, əvvəlki illərdə müraciətçi ilə müzakirə olunurdusa, bu il bunun ləğv olunduğunu və DİM-in müraciət əsasında birbaşa özünün qərar verdiyinin şahidi olduq.
Şəxsi fikrimdir ki, nə qədər insan əli bu işlərə dəyəcək, yazı işlərini insanlar yoxlayacaq və insan faktoru olacaqsa, problem də olacaq. Problemlərin olmaması üçün yoxlama prosesi dəyişdirilməlidir", - deyə o təklif etdi.
Müsahibimiz vurğuladı ki, yoxlama tam elektronlaşdırılmalıdır.
"Belə olarsa, problemlərin ortaya çıxmayacağı ehtimal olunur. İmtahan iştirakçılarının heç biri ümumi texniki sualların yoxlanması ilə bağlı narazılıq etmir. Çünki bilirlər ki, suallar kompüterlə yoxlanır. Amma narazılıq yazı işlərinin yoxlanmasından qaynaqlanır. Məhz buna görə DİM bu prosesə bir az diqqət ayırmalıdır. İmtahanın formatında və ya yoxlama prosesində dəyişiklik həyata keçirilməlidir. Apellyasiya müraciəti edənlərin bir qisminə dəyişiklik edilmişdi. Düşünün ki, müraciət etməyən nə qədər abituriyent var. Abituriyentin günahı nədir? Niyə onun nəticələri düzgün yoxlanılmamalıdır? İnsan faktorunu uzaqlaşdırmalıyıq. Deyərdim ki, başqa yol yoxdur", - deyə təhsil eksperti fikrini yekunlaşdırdı.
Aytəkin TOFİQQIZI