Ekspert MİQ və sertifikasiya imtahanlarında narazılıqların olmaması üçün təklif VERDİ

"Dünyanın bütün ölkələrinin təhsil sisteminin səviyyəsini ölçən mexanizmlərdən biri də müəllimin pedaqoji və elmi-pedaqoji səviyyəsinin yoxlanmasıdır. Təhsil sistemini təhsilverənlərin peşəkarlığını yoxlamadan inkişaf etdirmək absurd və qəbul olunmayandır".
Redaktor.az-a bu fikirləri təhsil eksperti Elşən Qafarov sertifikasiya imtahanlarının müsahibə mərhələsinə ehtiyac olub-olmamasından danışarkən bildirdi.
Onun fikrincə, sertifikasiya heç bir halda ləğv edilə bilməz:
"Bunu cəmiyyət də, təhsilverənlər də başa düşüb, qəbul etməlidirlər. Sertifikasiya özü də qiymətləndirmədir. Qiymətləndirmə üçün obyektivlik, şəffaflıq lazımdır. Sertifikasiyanın doğru-düzgün keçirilməməsi, texniki problem çoxluğu o demək deyil ki, sertifikasiya ləğv olunmalıdır. Narazılıqlar baş verən problemlərlə bağlıdır, sertifikasiyanın özü ilə yox".
Ekspert bildirdi ki, sertifikasiyanın müsahibə mərhələsi ilə bağlı da problemlərimiz var.
"155 nömrəli qərarda konkret göstərilir ki, müsahibə mərhələsi özünü təqdimetmə, ünsiyyət kimi meyarlar əsasında qiymətləndirilir. Sertifikasiyanın test mərhələsində sual səhvdir, böyükdür və ya digər problemlər var deyə bilirik. Müsahibə isə subyektiv fikirlərə əsaslandığına görə, müsahibədə buraxılan nöqsanları dəqiqliklə analiz edə bilmirik. Buna görə çox arzu olunandır ki, müsahibə mərhələsində konkret olaraq mexanizm olsun. Müsahibədə eyni zamanda iştirak edəcək komissiya üzvləri azı 2-3 ay öncədən xüsusi təlimlərə cəlb olunmalıdır.
Prosesin ən düzgün yolu təklif edirik ki, həm sertifikasiya, həm MİQ, həm lisey və gimnaziyalara qəbul, direktor və müavinlərin işə qəbulu ümumiyyətlə Elm və Təhsil Nazirliyi tərəfindən keçirilən imtahanlar Dövlər İmtahan Mərkəzinə verilməlidir. Bu gün Elm və Təhsil Nazirliyi, Təhsil İnstitutunun işi ancaq imtahan keçirmək, böyük, mənasız milyonların xərcləndiyi layihələrin həyata keçirilməsidir. Milyonlarla vəsaitin gözə görünmədən yoxa çıxdığı təlimlər keçirilir. Müsabiqə və müsahibələr DİM-ə verilməlidir. Müddət göstərir ki, Elm və Təhsil Nazirliyi imtahan keçirə bilmir", - deyə E.Qafarov qeyd etdi.
Aytəkin TOFİQQIZI