Psixoloqdan sertifikasiyadan kəsilən müəllimlərə MƏSLƏHƏT

 19:56 04.07.2025     137

Biz adətən abituriyentlərin imtahan stresindən və ya zəif nəticə göstərmiş abituriyentlərin özlərini yenidən dərsə fokuslaması üçün nə etməli olduqlarından danışırıq. Lakin 2022-ci ildən etibarən müəllimlər üçün də sertifikasiya imtahanları keçirilir. Elə ötən həftə builki sertifikasiya prosesi yekunlaşdı. Bu prosesdə yüksək nəticə göstərən müəllimlərlə yanaşı, aşağı nəticə toplayan müəllimlər də var. Hətta sertifikasiyadan narazılıqların pik həddə çatdığından deyə bilərik ki, kəsilənlər daha çoxdur.

Bəs onlar özlərini necə toparlamalı, psixoloji baxımdan bu vəziyyətdən necə çıxmalıdırlar? Onlara bu mərhələdə hansı dəstək göstərilməlidir?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında psixoloq Aydan Məmmədova açıqlamasında bildirdi ki, son illərdə təhsil sistemində həyata keçirilən islahatlardan biri də müəllimlərin sertifikasiyadan keçirilməsi prosesidir:

"Bu sistemin əsas məqsədi müəllimlərin peşəkar bilik və bacarıqlarını qiymətləndirmək, təhsilin keyfiyyətini yüksəltmək və müəllim inkişafını stimullaşdırmaqdır. Lakin hər bir imtahan prosesi kimi, sertifikasiya da müəllimlərdə stres, təzyiq və özünüqiymətləndirmə ilə bağlı çətinliklər yarada bilər. Xüsusilə də aşağı nəticə göstərmiş müəllimlər üçün bu vəziyyət emosional baxımdan ciddi sarsıntılara səbəb ola bilər. Əgər bu mərhələdə düzgün dəstək göstərilməzsə, nəticələr yalnız fərdi yox, ümumi təhsil sisteminə də mənfi təsir göstərə bilər.

İmtahandan sonra hiss olunan məyusluq, utanc, özünə inamsızlıq və qorxu normal emosional reaksiyalardır. Bu hissləri inkar etmək yerinə, onları tanımaq və adlandırmaq ilk psixoloji addım olmalıdır. Müəllim anlamalıdır ki, bir imtahan nəticəsi onun bütün peşəkarlığını əks etdirmir. Müəllimlik sadəcə test bacarıqları ilə ölçülmür. Sinifdə qurulan münasibətlər, şagirdlərə təsir, tədris prosesində göstərilən fədakarlıq müəllimin dəyərini müəyyən edən əsas faktorlardır. Öz keçmiş təcrübələrinə və qazandığı uğurlara nəzər salmaq, müəllimin özünü yenidən dəyərləndirməsinə kömək edə bilər".

Müsahibimiz qeyd etdi ki, sertifikasiya imtahanında alınan nəticə bir qiymətləndirmədir, hökm deyil.

"Bu nəticədən çıxarılan dərslər, müəllimin hansı sahələrdə inkişaf etməli olduğunu göstərir. Bu, yeni mərhələyə keçid üçün başlanğıc nöqtəsi ola bilər.

Aşağı nəticə göstərmiş müəllimlər üçün əlavə hazırlıq proqramları, dərslik və resurslar, seminar və təlimlər təşkil edilməlidir. Onlara fərdi tədris planları təklif olunmalı, inkişaf yol xəritəsi hazırlanmalıdır. Sertifikasiyadan sonra müəllimlər üçün psixoloji konsultasiya və ya dəstək qrupları təşkil olunmalıdır. Onların yaşadığı daxili təzyiqlə təkbaşına mübarizə aparmalarına şərait yaradılmamalıdır. Müəllim həm peşəkar, həm də insan kimi eşidilməli və dəyərli hiss etməlidir. Təhsil müəssisələrinin rəhbərləri müəllimləri tənqid etmədən, təhqir etmədən, yönləndirici yanaşma göstərməlidir. “Niyə belə oldu?” deyil, “necə daha yaxşı ola bilər?” sualı əsas götürülməlidir.

Sertifikasiya imtahanı müəllimlərin inkişafını dəstəkləmək üçün bir vasitədir, sarsıdıcı təcrübə olmamalıdır. Əgər biz müəllimə bir test nəticəsi ilə yox, potensialı və inkişaf yolundakı iradəsi ilə yanaşsaq, həm onlar güclənər, həm də bütövlükdə təhsil sistemi keyfiyyət qazanar", - deyə A.Məmmədova bildirdi.

Xədicə BAXIŞLI