"Testi kim tərtib edirsə..." - Kamran Əsədovdan ETİRAZ

"Testologiya Azərbaycanda artıq məqsəddən sapıb, formalığa çevrilib. Əslində test imtahanları ədalətli seçim üçün vasitədir, bizdə isə məzmunsuz rəqabətin alətinə dönüb".
Redaktor.az xəbər verir ki, bu fikirləri təhsil eksperti Kamran Əsədov öz sosial şəbəkə hesabında paylaşıb.
"Dövlət İmtahan Mərkəzi və Elm və Təhsil Nazirliyi illərdir imtahanların “təhlükəsizliyindən”, “şəffaflığından” danışır, amma heç kəs soruşmur: bu testlər nəyi ölçür, necə ölçür, niyə belə ölçür?Hər il test tapşırıqları dəyişir, çünki vahid konsepsiya yoxdur. Testi kim tərtib edirsə, model də ona görə dəyişir. Biri xəritə sevir, biri cədvəl. Obyektivlik buradadırmı? Məzmunun sabit, meyarın dəyişməz, qiymətləndirmənin isə etibarlı olması əsas şərtdir. Guya əzbərçilikdən təfəkkürə keçmişik, amma testlər yenə də əzbəri ölçür. Kim daha yaxşı əzbərləyibsə, o da daha yaxşı nəticə alır. Halbuki dünya – SAT, TOEFL, IELTS, PISA – düşünməyi, tətbiqi, analiz etməyi ölçür", - deyə ekspert qeyd edib.
Onun sözlərinə görə, test fənni yox, məktəbi öldürür:
"Məktəbdə uşağa “niyə?” sualını verməyi yox, “cavabı 1-dir, 2-dir?” sualını öyrədir. Magistarturaya qəbulda verilən suallar hansı universitetin proqramına əsaslanır? Heç birinə. Bu qədər xaotik, məqsədsiz testoloji sistemlə təhsili nə ölçmək olar, nə də inkişaf etdirmək. Təhsil ölçülmür, əzilir. Əvvəl məktəbi imtahan üçün hazırlayırdıq, indi məktəb imtahanın özü olub".
Nuriyyə NATİQQIZI