"İmtahanda zəif nəticə əldə edənlər tənqid, yaxşı nəticə əldə edənlər təqdir edirlər" - AÇIQLAMA

 15:09 07.07.2025     483

Müəllimlərin işə qəbulu (MİQ) imtahanları ilə bağlı səsləndirilən etirazlardan biri də verilən vaxtın qoyulan suallara uyğun olmamasıdır.

Bununla bağlı Redaktor.az-a açıqlamasında təhsil eksperti Məzahir Məmmədli bildirdi ki, müəllimlərin işə qəbulu ilə bağlı hər il olduğu kimi, bu il də ikili fikir var.

"Kimlərin nəticələri yüksəkdirsə, hesab edirlər ki, qoyulan saat suallara uyğundur. Kimlər ki, zəif nəticə göstərir, etiraz edirlər ki, daha yaxşı nəticə göstərə bilərdik, vaxt imkan vermədi. Bu meyarlar artıq müəyyən olunub. Suallar artıq o meyarların əsasında hazırlanır. Açığı, suallarla tanış deyiləm deyə, konkret fikir bildirə bilmirəm. Amma təxminlərim budur ki, belə məsələlər hər il müzakirə obyekti olur. Zəif nəticə əldə edənlər tənqid, yaxşı nəticə əldə edənlər təqdir edirlər. Bütün hallarda əgər yaxşı nəticə varsa, digərləri də çalışmalıdır ki, yaxşı nəticəyə gəlib çatsınlar. Onlara uğurlar arzu edirəm. Ümid edirəm ki, gələcək müəllimlərimiz hərtərəfli biliyə sahib olacaqlar. Bu, bizim gələcəyimiz üçün çox vacib elementlərdən biridir. Ruhdan düşmək yox, əzmkar olmaq lazımdır", - deyə o bildirdi.

Aytəkin TOFİQQIZI