"Təəssüf ki, universitet bitirənlər birbaşa MİQ imtahanına girməyə ehtiyat edir" - AÇIQLAMA

Təhsil İnstitutunun Təhsilverənlərin Peşəkar İnkişafı Mərkəzinin direktoru Nəzakət Mehdiyeva Kimya fənndən keçirilən sertifikasiya imtahanından sonra səsləndirilən narazılıqlardan danışarkən bildirib ki, müəllimlərin bacarıqların yüksək səviyyədə olmamasının səbəbi uzun illər ərzində universitetlərdə kimyanın daha çox nəzəri biliklər əsasında tədris olunmasıdır.
Bəs bu problemin həlli yolları nələrdir?
Redaktor.az-a açıqlama verən təhsil eksperti Ramin Nurəliyev bildirdi ki, hazırda ali təhsil müəssisələrində pedaqoji ixtisasların tədrisi qaneedici səviyyədə deyil:
"Məsələn, Azərbaycan Dövlət Pedaqoji Universiteti pedaqoji ixtisaslar üzrə hər il məzun verir. Həmin pedaqoji ixtisaslar üzrə məzun olan gənclərimiz təəssüflər olsun ki, ali təhsil müəssisəsini bitirdikdən sonra birbaşa MİQ imtahanına girməyə ehtiyat edir. Niyə? Repetitor hazırlığı olmadan, kursa, hazırlığa getmədən MİQ imtahanında iştirak etməsi mümkünsüz görünür. İştirak edərsə belə, müvəffəq ola bilmir. Çünki bizim ali təhsil müəssisələrinin bir çoxunda nəinki pedaqoji ixtisaslarda, digər ixtisaslarda belə bilik və bacarıqlar kifayət qədər tədris olunmur. Bəzi ali təhsil müəssisələrini çıxmaq lazımdır. Bir çoxunda vəziyyət bu gündədir".
Müsahibimizin sözlərinə görə, mühəndislik ixtisasları üzrə ali təhsil müəssisələrdə heç laboratoriya belə yoxdur:
"Maşın mühəndisliyi, kompüter mühəndisliyi ixtisası var, amma təcrübə keçəcək imkanlar yoxdur. Kimya mühəndisliyi olan müəssisədə buna uyğun kiçik bir zavod olmalıdır. Tələbə təcrübə keçməlidir. Əgər ali təhsil müəssisəsində bu gün pedaqoji ixtisaslarla bağlı belə çətinlik çəkiriksə, digər ixtisasları özünüz düşünün. Hesab edirəm ki, biz keyfiyyətli orta məktəb müəllimlərini təmin etmək istəyiriksə, bu məsələni yalnız Elm və Təhsil Nazirliyinin üzərinə atmamalıyıq. Ali təhsil müəssisələrinin, qeyri-hökumət təşkilatlarının, zavodların, fabriklərin burada böyük rolu var. Kimya ixtisasını bitirib hansısa zavoda təcrübəyə gedərkən zavod onlara qayğı göstərməlidir. Eynilə, bilik və bacarıqları öyrətməlidir. Pedaqoji ixtisaslar üzrə təcrübə proqramlarına xüsusi diqqət yetirilməlidir".
R.Nurəliyev bildirdi ki, boşluqlar olduğu üçün ali təhsili bitirənlərin əksəriyyəti hazırlıqsız MİQ imtahanında iştirak edə bilmirlər.
"Ali təhsil müəssisələrinin verdiyi bilik və bacarıqlar çox passivdir. Hələ də nəzəri biliklər üzərində qalmışıq, praktik bilikləri yetəri qədər öyrədə bilmirik. Biz analiz etsək, görərik ki, xaricdə ali təhsil almaq asan, bitirmək isə çətindir. Bizdə isə təhsili almaq çətin, bitirmək isə asandır. Qəbul olanların 99 faizi ali təhsil müəssisəsini bitirir. Qırmızı diplomla təhsili bitirənlərə baxın, amma təcrübələri əksikdir. Məsələnin həll olunmasını istəyiriksə, bütün qurumlar olaraq çalışmalıyıq", - deyə təhsil eksperti vurğuladı.
Aytəkin TOFİQQIZI