MİQ və sertifikasiya imtahanlarını DİM keçirə bilər, çünki narazılıqlar var... - Elm və təhsil komitəsinin üzvü

Təhsil ekspertlərinin təklifi var ki, müəllimlərin işə qəbulu (MİQ) imtahanları, sertifikasiya imtahanları, ümumiyyətlə Elm və Təhsil Nazirliyi tərəfindən keçirilən bütün imtahanlar Dövlət İmtahan Mərkəzinə (DİM) təhvil verilsin.
Bu imtahanlar DİM-ə verilməlidirmi?
Redaktor.az-a danışan Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov bildirdi ki, bu məsələ davamlı şəkildə müzakirə olunur. Onun sözlərinə görə, burada bir neçə vacib məqam var.
"Suallarla, dərslərin mahiyyəti ilə bağlı zaman-zaman məsələlər ortaya çıxır. Burada söhbət ondan gedir ki, imtahan olunacaq şəxslər orta məktəblərdə işləyəcəklər, onların da imtahanları bu səbəbdən Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Amma düşünürəm ki, gələcəyə doğru bütün imtahanları Dövlət İmtahan Mərkəzi vasitəsilə həyata keçirməyə çalışmalıyıq. DİM bu imtahanları gələcəkdə keçirə bilər. Çünki burada zamanla irəli sürülən fikirlərdən biri iddia olunur ki, Elm və Təhsil Nazirliyi bu prosesi obyektiv aparmır və bununla bağlı sosial mediada da müzakirələrin şahidi oluruq. Bu səbəbdən bu məqam da nəzərə alınmalıdır. Gələcəkdə bu haqda düşünülə bilər. Yenə də dövlətin qərarı, hər iki strukturun rəyi və yanaşması önəmlidir. Biz onları da nəzərə almalıyıq", - deyə millət vəkili vurğuladı.
Aytəkin TOFİQQIZI