MİQ-də metodika üzrə suallar çətindir? - RƏSMİ AÇIQLAMA

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu sosial şəbəkələrdə müəllimlərin işə qəbulu (MİQ) imtahanında metodika üzrə sualların çətin olması barədə yazılan fikirlərə münasibət bildirib.
Redaktor.az-ın “Azərbaycan müəllimi”nə istinadla məlumatına görə, o, bu gün jurnalistlərə açıqlamasında deyib ki, MİQ imtahanında namizədlər fənn, pedaqogika və fənnin tədrisi metodikası üzrə suallar əsasında qiymətləndirilirlər. Metodikaya dair tətbiqi sualların cavablandırılması nəzəri metodiki biliklərlə yanaşı, pedaqoji təcrübə də tələb edir:
“Situasiyanı aydın dərk edənlər, pedaqoji duyumu olanlar belə sualları cavablandırmaqda çətinlik çəkmirlər. Unutmayaq ki, müəllimlərin dərin metodiki biliyi və tətbiq bacarığı şagirdlərin nəticələrində də özünü göstərir”.
Direktor müavini müəllimlərə və namizədlərə çağırış edərək metodiki biliklərin həm nəzəri, həm də praktiki tərəfinə daha çox diqqət ayrılmasının vacibliyini vurğulayıb.
Onun sözlərinə görə, bu istiqamətdə bilik və bacarıqların artırılması həm müəllimlərin peşəkarlığını yüksəldəcək, həm də təlim prosesini şagirdlər üçün maraqlı və səmərəli edəcək.