"MİQ imtahanının vaxtı ən azı 30 dəqiqə artırılmalıdır" - Elmin Nuri

 16:25 08.07.2025     135

Müəllimlərin işə qəbulu (MİQ) imtahanları ilə bağlı müəllimlərin etirazlarından biri də imtahanda verilən suallar üçün vaxtın az olmasıdır.

Bəs bu necə tənzimlənə bilər?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, elm və təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri bildirdi ki, MİQ müsabiqəsinin test imtahan mərhələsindən sonra sualların çətinliyi ilə bağlı çox ciddi narazılıqlar olur:

"Demək olar ki, bu, hər il belədir. Burada məsələ iki aspektdən qiymətləndirilməlidir. Birincisi, həqiqətən də tədris sistemimizə, qəbul proqramına yad olan, fərqli məzmunda hazırlanan və bu səbəbdən də çətin adlandırılan suallar, ikincisi isə ümumiyyətlə, çox çaşdırırcı, cavablandırılması xeyli vaxt aparan, tərtibində müəyyən xətaların olduğu suallar. Biz əvvəlcə dəqiqləşdirməliyik ki, əsas problem obyekti olan suallar birinci qrupa aid olanlardır, ya ikinci qrupda özlərinə yer edənlərdirlər. Çünki anaoloji problemlə bağlı şikayətləri dinləyəndə, narazılıqları müşahidə edəndə fərqinə varırıq ki, məsələ tam şəkildə çatdırılmır. Amma şikayətçi tərəf konkret nə səbəbdən şikayət etdiyini, nəyin uğrunda mübarizə apardığını bilməlidir. Təxminən 5-6 il bundan əvvəl ingilis dili müəllimləri üçün təşkil olunan MİQ müsabiqəsinin test imtahan mərhələsində bəzi suallarla bağlı xətalar olduğu deyilirdi. Hətta bununla bağlı müəllimlərin kütləvi etirazı da oldu. O zaman bir neçə ingilis dili müəllimi çox yüksək səviyyədə hansı suallarda hansı problemin olduğunu əsaslandırdılar. Açığı, sonrakı aqibətin nə olduğunu xatırlamıram, amma bu şikayət digərlərindən fərqli olaraq ümumi xarakter daşımırdı, konkret problemə söykənirdi. Amma təəssüf ki, bu il daxil, ötən illərdəki MİQ şikayətlərinin çoxusu ümumi xarakter daşıyır".

Sektor müdiri qeyd etdi ki, müəllim və ya namizəd "suallar dəhşət çətin idi" iradını səsləndirir, amma onun çətinlik dərəcəsinin nə olduğunu, tərtibində hansı meyarların pozulduğunu demir.

"İradlar faktlar əsasında təqdim olunmur. Belə olduğu halda, imtahanda iştirak etməyən, oradakı mühiti bilməyən mənim, sizin kimi vətəndaşlar əsl reallığın nə olduğunu, haqlı tərəfin kim olduğunu necə müəyyənləşdirsinlər?! 

İkinci məsələdə isə konkretlik və dəqiqlik daha çoxdur. Bir çox müəllim MİQ-də test imtahan mərhələsinə ayrılan zamanın qaneedici olmadığını bildirir. İradın konkret subyekti olduğu üçün bunu kifayət qədər normal qarşılayıram. Amma burada şikayətçinin haqlılıq faizi nə qədərdir? Bu, şəxsən mənim üçün hələlik sual olaraq qalır. Bilirik ki, MİQ-in test imtahan mərhələsində müəllim namizədlərə 150 dəqiqə (2 saat yarım) zaman ayrılır. Bu zaman kəsiminin qətiyyən az olduğunu düşünmürəm. Məncə, 60 suallıq bir period üçün 150 dəqiqə çox yaxşıdır. Amma digər tərəfin də iradını normal qəbul edirəm. Hətta MİQ-dən yüksək nəticə göstərənlər də vaxtın azlığından xeyli şikayət etmişdilər. Öz subyektiv yanaşmamı az öncə səsləndirsəm də, test imtahanlarında zamanın ən azı 30 dəqiqə artırılmasına etiraz etmərəm. Madam ki, müəllimlərimiz keyfiyyətli cavablandırmada əsas maneə kimi zaman amilini dəyərləndirirlər, o zaman bu nəzərə alınmalı və ən azı 30 dəqiqə artırılmalıdır", - deyə təhsil eksperti əlavə etdi.

Aytəkin TOFİQQIZI