"DİM-in əsas vəzifəsi obyektiv və standartlara uyğun qiymətləndirmə aparmaqdır"

 19:18 08.07.2025     140

"II və III ixtisas qrupları üzrə keçirilən ikinci, yəni şans imtahanının birincidən nisbətən daha asan olması ictimai müzakirələrə səbəb olub. Bununla bağlı sualların olması təbiidir, çünki qəbul imtahanları yalnız qiymətləndirmə prosesi deyil, həm də geniş ictimai maraq və gözləntilərlə müşayiət olunan bir mərhələdir".

Bu fikirləri Redaktor.az-a açıqlamasında təhsil eksperti Əmrah Həsənli II və III qrupların imtahanının birinci cəhd imtahanına nisbətən asan olmasıyla bağlı danışarkən bildirdi. O, qeyd etdi ki, Dövlət İmtahan Mərkəzinin (DİM) keçirdiyi hər bir imtahan əvvəlcədən müəyyən edilmiş meyar və model üzrə hazırlanır:

"Bu baxımdan, ikinci imtahanın məqsədi birinciyə alternativ olaraq abituriyentlərə daha bir şans tanımaqdır. Bu imtahanlar fərqli günlərdə, fərqli suallar və test variantları ilə aparıldığından, müəyyən dərəcədə çətinlik fərqi ola bilər. Bu, sistemin obyektivliyinə xələl gətirmir, əksinə, təkrar şans prinsipi ilə daha çevik və inklüziv yanaşmanın tətbiqi deməkdir.

İmtahanın asan və ya çətin olması isə təkcə sualların səviyyəsi ilə deyil, abituriyentlərin həmin fənlər üzrə hazırlıq səviyyəsi, stres faktoru və psixoloji durumu ilə də sıx bağlıdır. Məsələn, ikinci imtahanda iştirak edən abituriyentlər artıq əvvəlki təcrübədən keçdikləri üçün bu dəfə daha hazırlıqlı və sakit ola bilərlər. Bu isə nəticələrə və subyektiv təəssüratlara birbaşa təsir edir.

O ki qaldı “imtahanın asanlaşdırılması boş qalan yerlərin dolması üçündürmü?” sualına, bu cür düşüncələr bir qədər emosional qiymətləndirmə ola bilər. Qeyd edək ki, ali təhsil müəssisələrində boş qalan yerlərin olması yalnız imtahanın çətinliyi ilə deyil, abituriyentlərin ixtisas seçimi, plan yerlərinin sayı və ümumi təhsil strategiyası ilə bağlıdır".

Ə.Həsənli qeyd etdi ki, DİM-in əsas vəzifəsi obyektiv və standartlara uyğun qiymətləndirmə aparmaqdır və bu, illərdir ki, müstəqil ictimai nəzarət, apellyasiya mexanizmi və statistik göstəricilərlə dəstəklənir.

"Bununla yanaşı, ictimaiyyətin bu mövzuya diqqət yetirməsi müsbət haldır. Çünki qəbul imtahanları təkcə abituriyentin yox, bütövlükdə təhsil sisteminin güzgüsüdür. Ona görə də bu kimi suallar da, narahatlıqlar da, islahat çağırışları da daim diqqət mərkəzində saxlanmalıdır.

Nəticə olaraq, Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanlarda əsas məqsəd biliklərin düzgün qiymətləndirilməsi, təhsildə bərabər imkanların təmin olunması və abituriyentlər üçün şəffaf seçim mühitinin yaradılmasıdır. Hər hansı bir imtahanın çətinliyi və ya nisbətən rahatlığı isə həmin prinsiplərin çərçivəsində qiymətləndirilməlidir – fərziyyələr yox, faktlar üzərindən", - deyə ekspert bildirdi.

Xədicə BAXIŞLI