Rusdilli məktəblər bağlanır, bəs bağçaların aqibəti necə olacaq? - AÇIQLAMA

"Rusdilli təhsil müəssisələri bağlanırsa, bu, məktəbəqədər təhsil müəssisələrinə də şamil olunur".
Bunu Redaktor.az-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi Azərbaycanda rusdilli bağçaların gələcək aqibətindən danışarkən bildirdi. Onun sözlərinə görə, əgər gələcək zamanlarda bu qərar qəbul olunarsa, ilk növbədə məktəbəqədər təhsil müəssisələrindən başlanılacaq:
"Çünki bu pillə uşaq şüurunun formalaşmağa başladığı ilk mərhələdir. Hal-hazırda bu məsələ ətrafında müxtəlif müzakirələr aparılır, fikirlər səsləndirilir. MDB-yə daxil olan ölkələrdə rus dilinə diqqətin ayrılması Rusiya üçün hər zaman bir avantaj olub. Bu dil faktoru Rusiya üçün sabah siyasi təzyiq vasitəsi, təsir aləti kimi istifadə edilə bilər. Yəni, rus dilinin saxlanılması bəzi hallarda Rusiya üçün əlverişli siyasi zəmin rolunu oynayır. Biz isə çalışmalıyıq ki, Rusiyanın təhdid alətinə çevrilə biləcək bütün mümkün vasitələr tədricən sıradan çıxarılsın. Bu vasitələrdən biri də məhz rusdilli tədrisin mərhələli şəkildə dayandırılmasıdır. Bu, nə dilə qarşı aqressiya, nə də təhsilə qarşı addım deyil. Sadəcə olaraq milli təhlükəsizliyimizi qorumağın və gələcək nəsillərin kimliyini daha möhkəm formalaşdırmağın vacib bir addımıdır".
Qeyd edək ki, yayılan məlumatlara görə, yaxın 3 ildə ölkəmizdə rusdilli tədris dayandırılacaq.
Nuriyyə NATİQQIZI