"Bu prosesi ardıcıl 5 dəfə uğurla keçən müəllim yüksək maaşla mükafatlandırılır" - Kamran Əsədov

"Braziliyada müəllimlərin ixtisasartırması sistemə çevrilib. Sadəcə formal təlimlər yox, nəticəyə əsaslanan, əməkhaqqına birbaşa təsir edən 5 pilləli model tətbiq olunur".
Redaktor.az xəbər verir ki, bu fikirləri təhsil eksperti Kamran Əsədov özünün feysbuk hesabında yazıb.
"Müəllim hər 3 ildən bir test verir və uğur qazanarsa maaşı 25% artır. Bu prosesi ardıcıl 5 dəfə uğurla keçən müəllim ciddi şəkildə yüksək maaşla mükafatlandırılır. Əgər hansısa ildə uğursuz olsa belə, növbəti il yenidən imtahan vermək imkanı qalır. Bu sistem, ilk növbədə, müəllimi bacarığını artırmağa, dayanmadan öyrənməyə təşviq edir.
Ən maraqlısı isə bu prosesin tender yolu ilə seçilmiş qeyri-hökumət təşkilatları tərəfindən həyata keçirilməsidir. Bu da təlimlərin obyektiv, peşəkar və müstəqil şəkildə təşkili deməkdir. Dövlət sadəcə şərait yaradır, müəllim isə inkişaf edir.
Müəllimlərə dəstək də nəzərdə tutulub. Ehtiyacı olanlara kompüter verilir, sosial vəziyyəti zəif olanlar üçün ucuz tədris materialları və kurslar təşkil olunur. Təlimlər əvvəl fərdi yox, kollektiv şəkildə keçirilir, bu da təcrübə mübadiləsini artırır. Qısamüddətli seminarlarla başlayan proses daha sonra dərinləşdirilmiş ixtisasartırma mərhələsinə keçir.
Oxşar modeli Sinqapurda da görürük. Orada müəllimlər “Professional Growth Model” çərçivəsində ömür boyu öyrənməyə sövq edilir, fərdi inkişaf planları hazırlanır və hər bir uğur konkret karyera yüksəlişi və maliyyə artımı ilə nəticələnir.
Müəllimə dəyər verən, inkişafını ölçə bilən və bu inkişafı əməkhaqqısına əks etdirən belə sistemlər bizə də lazımdır. Təhsildə keyfiyyət təsadüfi olmur. O, planlı, ardıcıl və insana dəyər verən yanaşmanın nəticəsidir".
Aytəkin TOFİQQIZI