Bu ölkədə ibtidai təhsil səviyyəsində kişi müəllimlərə daha çox üstünlük verilir - Ekspert səbəbini AÇIQLADI

 14:16 09.07.2025     490

Azərbaycanda orta məktəblərdə kişi müəllimlərin sayı kəskin şəkildə azalması heç kimə sirr deyil.

Bunun səbəbi nədir və problemin həll yolu varmı?

Redaktor.az-a danışan təhsil eksperti Elşən Qafarov bildirdi ki, kişi müəllimlərin təhsildə getdikcə sayının azalması təkcə Azərbaycanda olan hal deyil.

Onun sözlərinə görə, bu, bütün dünyada baş verən tendensiyadır.

"Amerika, Avropa, Asiyanın təhsil inkişaf etmiş ölkələrində, o cümlədən də Azərbaycanda da tendensiya davam edir. Təhsildə xanım müəllimlərin sayı artmaqdadır. Proses çox sürətlə gedir. Bunun isə bir neçə səbəbi var. Müəllimlik nəcib peşə sahəsidir. Xanımlar özlərini burada daha çox görürlər. Bu gün müəllim maaşı ilə ailəni saxlamaq çətin və ya mümkün olmadığı üçün kişilər daha çox alternativ yollara üz tuturlar. Ümumilikdə kişi müəllimlərin azalması bizim kimi Şərq cəmiyyətinə məxsus xalqlar üçün tərbiyə sistemində ciddi fəsadlar verir. Xüsusilə şəhər yerlərində kişi müəllimlərin sayının az olması şəhərdə yaşayışın daha baha olması ilə bağlıdır".

Təhsil eksperti vurğuladı ki, şəhərlə müqayisədə kənd yerlərində kişi müəllimlərin sayı nisbətən çoxdur.

"Amma müəyyən peşə sahələri var ki, tamamilə qadınlar orada fəaliyyət göstərir. Bu, ümumi dünyadadır. Məsələn, ibtidai sinif, musiqi, təsviri incəsənət, texnologiya fənlərini demək olar ki, yalnız xanım müəllimlər tədris edir. Fiziki tərbiyə, riyaziyyat, fizika, kimya, biologiya, tarix kimi fənlərdə mövqelər artıq xanımlara verilməkdədir.

Məsələn, Yaponiya təhsil sisteminə baxsaq, orada ibtidai təhsil səviyyəsində kişi müəllimlərə daha çox üstünlük verilir. Çünki orada əsas məsələ kiçik yaşlardan tərbiyənin verilməsi ilə bağlıdır. Bir neçə Şərq ölkəsində kişi müəllimlərə ibtidai təhsildə daha çox üstünlük verilir. Bu da uşaqların tərbiyəsində müsbət mənada çox ciddi əhəmiyyətə malikdir.

Düşünmürəm ki, bu gün nəsə etmək olar. Çünki əmək qanunvericiliyinə əsasən cinsə görə ayrıseçkilik salmaq yolverilməzdir. Eyni zamanda “Ümumtəhsil haqqında” Qanunun 5-ci maddəsində təhsil sistemində gender bərabərliyi əsas şərt kimi irəli sürülür və dövlət buna təminat verir. Əmək Məcəlləsinin 16-cı maddəsində isə hansısa səbəbə görə ayrıseçkilik salınması qəbuledilməzdir.

Ən yaxşı yol müəllimlərin əməkhaqlarının artırılması və ibtidai təhsil sahəsində çalışanların əməkhaqqının fərqli olması, yaxud tədris planı üzrə daha az saatı olan kimya, fizika, biologiya, coğrafiya fənlərinə əlavə gəlirlərin hesablanması ilə kişi müəllimlərin cəlb olunmasına kömək etmək ola bilər", - deyə Elşən Qafarov bildirdi.

Aytəkin TOFİQQIZI