Gənclərimiz magistraturanı hansı ölkələrdə oxusunlar? - Ekspertdən TÖVSİYƏ

Bakalavr təhsilini tamamlayan gənclərin böyük bir qismi akademik biliklərini daha da dərinləşdirmək və ixtisas sahəsində peşəkarlaşmaq üçün magistratura təhsili almağa qərar verir. Bu məqsədlə bir çoxları təhsil imkanları, beynəlxalq mühit və gələcək karyera perspektivlərini nəzərə alaraq xaricdə magistr təhsili almağa üstünlük verirlər.
Tələbələrin çoxunun təhsilini xaricdə davam etməsinin səbəbləri nədir?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev bildirdi ki, bakalavr təhsilini Azərbaycanda alan bir çox abituriyent xarici təhsil müəssisələrində magistr təhsili almaq istəyirlər. Onun sözlərinə görə, burada iki-üç amil var:
"Birinci amil budur ki, magistr təhsili qısamüddətlidir. Yəni, 2 ildir. Ona görə də tələbələr 2 il xaricdə oxumağın həm də maddi olaraq uyğun olduğunu düşünürlər. Bakalavr olaraq Azərbaycanda həmin ixtisası mükəmməl bilmədiyinin şahidi olur, bu daha çox mühəndislik ixtisasında olur ki, mühəndislik ixtisasını bitirir, burada perspektiv görmədiyi üçün xaricə gedərək onun gələcək karyerasına müəyyən qədər təsir edəcəyini düşünür. Bu, məncə, çox doğru yanaşmadır.
Növbəti amil - Azərbaycanda magistratura imtahanına müəyyən qədər hazırlaşır, maliyyə vəsaiti xərcləyir və bəziləri keçmir, bəziləri az bal yığır, bəziləri də maliyyə vəsaiti çox olduğundan heç hazırlaşmağı da düşünmür. Birbaşa diplom ortalaması ilə heç bir imtahan tələb olunmadan xaricdə magistraturaya qəbul ola bilər. Bəzi tələbələrin istiqaməti məhz bu istiqamətdədir. Düşünürlər ki, burada imtahanda iştirak edib müvəffəq ola bilmədiyimiz təqdirdə və yaxud da heç imtahanda iştirak etmək ehtiyac duymadıqları üçün xarici ali təhsil müəssisələrinə müraciət edirlər.
Bu gün imkanlar sadədir. Yəni, adi diplom ortalaması ilə xarici ali təhsil müəssisələrində təhsil alma imkanları genişdir. Bunu da seçən tələbələrimiz olur".
R.Nurəliyev qeyd etdi ki, bu iki amillə yanaşı bəzi ixtisasların Azərbaycanda tədrisinin keyfiyyətinin yüksək olmadığını nəzərə alsaq, əlbəttə, xarici ali təhsil seçimində, misal üçün, yüksək bal toplayan hər hansı tələbənin magistratura imtahanında Azərbaycanda təhsil almamasının səbəbi buradakı təhsildən qane olmamasıdır.
"Belə tələbələrə haqq vermək olar. Mühəndislik ixtisasları üzrə mən tövsiyə də edirəm ki, tələbələr xüsusilə Avropa ölkələrini seçsinlər. İxtisaslara görə isə ölkə seçimi dəyişməlidir. Məsələn, İT sahəsində Avropa ölkələri daha üstündür, tibb ixtisasları üzrə Almaniya, bəzi mühəndislik sahələri üzrə Çin daha üstündür.
Mənim fikrimcə, 2 il həqiqətən gedib xaricdə oxumağa dəyər. Əksər tələbələrin də düşüncələri bu yöndədir. 2 il içərisində maliyyə vəsaiti də çox ayrılmır buna. İki il inkişaf etmiş ölkələrdə oxuduğu zaman, elə qardaş Türkiyədə oxuduğu zaman tələbə geri qayıdan zaman tələbənin CV-sində bu, üstünlük təşkil edir. İşə götürən də buna diqqət yetirir.
Bəzi tələbələrin də müraciət etmə səbəbi məhz budur. Bəziləri burada qəbul ala bilmədiyi, bəziləri əsgərliyin qarşısını almaq üçün diplom ortalaması ilə xaricə gedirlər", - deyə təhsil eksperti vurğuladı.
Xədicə BAXIŞLI