"Həftədə 1 dərs canlı təbiət qoynunda keçirilməlidir" - YENİ TƏKLİF

 19:52 09.07.2025     1488

Müasir dövrdə ekologiyanın qorunması bəşəriyyətin qarşısında duran ən mühüm vəzifələrdən biridir. Bu səbəbdən ekoloji şüurun formalaşdırılması və gələcək nəsillərdə bu məsuliyyətin aşılanması olduqca vacibdir. Cəmiyyətin ən aktiv və formalaşmaqda olan təbəqəsi olan məktəblilər bu prosesin əsas iştirakçılarındandır.

Redaktor.az-a danışan "Yaşıl Dünya" Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli bildirdi ki, qlobal iqlim dəyişikliyinin fəsadları ilbəil özünü daha qabarıq şəkildə göstərir. O, qeyd etdi ki, şirin su ehtiyatları olan qütb buzlaqları əriyir,  təbii fəlakətlər artır, torpaqlar şoranlaşır, su mənbələri quruyur:

"Qlobal istiləşmə artır. Son 100 ildə temperatur 1 dərəcəyədək artıb. Alimlərin 2100-cü illə bağlı proqnozları qorxuncdur. Hesab edilir ki, həmin ildə temperatur 6 dərəcə arta bilər. Bu isə planetimizdə canlı həyata böyük təhlükə yaradacaq. Qlobal istiləşməyə qarşı mübarizə tədbirləri sürətləndiriıməlidir. Bir sıra ölkələrdə qalıq yanacaqdan imtina və bərpa olunan enerjiyə keçid var. Ölkəmizdə də bu istiqamətdə böyük layihələr həyata keçirilir. Amma bütövlükdə ictimai şüurun dəyişilməsi, ekoloji şüurun formalaşmasına diqqət etmək lazımdır".

Müsahibimiz qeyd etdi ki, ekoloji tərbiyə olunmuş yeni nəsil formalaşdırımalıyıq.

"Bunun üçün də ekoloji tərbiyə erkən yaşlardan başlanmalıdır. Aşağı sinif şagirdləri canlı təbiət qoynuna ekskursiyalara aparılmalı, həftədə 1 dərs canlı təbiət qoynunda keçirilməlidir. Məktəblərin həyətində ekoloji guşələr yaradılmalı, şagirdlərdə erkən yaşlarda ağaclara qulluq vərdişi formalaşdırılmalıdır. Şagirdlərin nəzəri və praktiki biliklərini artırmaq üçün "Təbiəti sevənlər", "Heyvanların dostu", "Eko könüllülər" adlı xüsusi dərnəklər, klublar yaradılmalı, divar qəzetləri yazılmalıdır.

Yuxarı sinif şagirdləri üçün ayrıca "Ekoloji biliklər" fənninin keçirilməsi yaxşı olardı. Ekoloji tərbiyə almış gənc biləcək ki, meşələrə qəsd etmək, ətraf mühiti çirkləndirmək, plastik qabları, sellofan torbaları hara gəldi atmaq olmaz. Ekoloji şüur gənclərin təbiətə sağlam münasibətini formalaşdıracaq", - deyə E.Cəfərli bildridi.

Təhsil eksperti Məzahir Məmmədli isə bildirdi ki, artıq ekologiyanın qorunması ilə bağlı yalnız Azərbaycan yox, bütün dünyada işlər aparır:

"Müəyyən beynəlxalq təşkilatlar ekologiya ilə bağlı yüksək səviyyəli forumlar, tədbirlər və konfranslar təşkil edirlər. Dünya alimləri artıq bu məsələyə cəlb olunub və müəyyən işlər aparılır. Düşünürəm ki, məktəblilər də cəmiyyətimizin parçası, hətta böyük bir hissəsidir. Bu baxımdan məktəblərdə də ekologiyanın qorunması ilə bağlı təbliğatın aparılması pis olmazdı. Düzdür, bu məsələ ilə bağlı ayrıca ölkə olaraq nə strateji plan var, nə də təhsildə ayrıca dərs saatları var".

Təhsil ekspertinin sözlərinə görə, belə tədbirləri məktəb rəhbərliyi arzulayacaqsa, buna dərsdən sonra vaxt tapmaq olar.

"Zibilliklərə gedib məktəblilərə əyani nəyisə göstərib, zərərindən danışa bilərlər. Xatırlayıram ki, sovet dövründə təhsil aldığımız zamanlarda bizi küçələrə çıxarıb tullantıları yığdırırdılar. Bu, bizim özümüzdə də həvəs yaradırdı. Düşünürdük ki, nəyəsə fayda verə biləcəyik. Məncə, şagirdlərə bu istiqamətdə müəyyən təbliğatlar aparılsa, onlara vaxtaşırı iməciliklər təşkil olunarsa, gələcəkdə onlar özləri yolda gördükləri zibili götürüb ata bilərlər. Düşünürəm ki, məktəblərdə bu sahədə iş aparılsa, ciddi faydası olar", - deyə M.Məmmədli vurğuladı.

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "ekologiya və ətraf mühitin mühafizəsi" mövzusunda dərc olunub.

Aytəkin TOFİQQIZI

2