"Ölkəmizdə qadın hərbiçilərə ehtiyac var" - Deputat

 19:03 09.07.2025     80

Yaxın günlərdə Heydər Əliyev adına Hərbi İnstitut və Hərbi Tibb Fakültəsinə qadın abituriyentlərin qəbulu elan olundu. Bu xəbər yayıldıqdan sonra daha əvvəl fərqli ixtisaslara hazırlaşan bir çox qız üçün bu yeni imkan əsas hədəfə çevrildi.

Mövzu ilə bağlı Redaktor.az-a danışan  Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov bildirdi ki, bu, çox önəmli bir məsələdir.

"Belə bir addımın atılmasına çoxdan ehtiyac varıydı. Artıq belə bir prosesə başlanıldı. Hesab edirəm ki, bu gün dünyanın bir çox ölkələrində olduğu kimi, bizim ölkəmizdə də qadın hərbiçilərə və onların formalaşmasına ehtiyac var. Məhz nümunə üçün deyim ki, bu gün İsraildə bundan çox geniş istifadə olunur. Hətta İranın bombalanmasını həyata keçirən pilotlar arasında qadınlar da var idi. Yəni həm o mənada, həm bu sahədə peşəkar hərbiçilərin yetişdirilməsi, həm də xanımların vətənə xidmət etmək arzusunun həyata keçməsi baxımından bu məsələ olduqca önəmlidir. Həm biz hərb sahəsində qadın mütəxəssislər yetişdirəcəyik, həm də hərbidə vətənə, dövlətə xidmət etmək istəyən gənc qadınlarımız üçün yeni imkan və fürsət yaranmış olacaq. Ona görə də biz bu məsələni yalnız alqışlamalıyıq. Hesab edirəm ki, bu qərarın çox yaxşı nəticələri və geridönüşləri olacaq", - deyə deputat qeyd etdi.

Xədicə BAXIŞLI