"Addım atarkən qadın müəllimlərimizi incitməməliyik" - Ramin Nurəliyev

"Kişi müəllimlərin azalmasının əsas səbəblərindən biri oğlan abituriyentlərin ixtisas seçimi zamanı pedaqoji ixtisasları yazmamalarıdır".
Bu fikri Redaktor.az-a təhsil eksperti Ramin Nurəliyev təhsil sahəsində kişi müəllimlərin azalmasının səbəblərindən danışarkən bildirdi.
Onun sözlərinə görə, təhsil ekspertləri, ixtisas yazan mütəxəssislər ciddi formada pedaqoji ixtisasların oğlan uşaqlarına təbliğatını həyata keçirməlidirlər.
"Çünki hazırda qadın müəllimlərlə yanaşı, kişi müəllimlərin bərabər və ya yaxın sayda olması mütləqdir. Pedaqoji ixtisasları bitirən kişilərin MİQ imtahanlarına və məktəbdə çalışmaları ilə bağlı müəyyən təbliğatlar aparılmalıdır. Belə olarsa, oğlanların MİQ imtahanında iştirakı və məktəblərdə işləmələri daha da aktivləşəcək. Amma düşünək ki, MİQ imtahanında kişilərə müəyyən güzəştlər tətbiq olunsun bu, təbii bərabərsizliyi poza bilər. Qadınların içində kişilərə ehtiyac olmadan fəaliyyətini gözəl həyata keçirənlər var. Düşünürəm ki, MİQ imtahanında iştirak etmədən kişilərin məktəbdə fəaliyyət göstərməsi ciddi problem törədə bilər. Buna çox da xoş baxmıram. Güzəştlər tətbiq oluna bilər. Addım atarkən qadın müəllimlərimizi incitməməliyik. Məsələn, hansısa məktəbdə müsahibə mərhələsində güzəştlər tətbiq edilə bilər. Amma əsas olaraq baxmalıyıq ki, müəllim işləmək istəyən kişilər varmı?" - deyə təhsil eksperti bildirdi.
Aytəkin TOFİQQIZI