"MİQ imtahanı sualları hazırlanarkən bütün məqamlar nəzərə alınmalıdır" - Ceyhun Məmmədov

 17:19 10.07.2025     1122

Müəllimlərin işə qəbulu (MİQ) imtahanı ilə bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu açıqlamasında bildirib ki, metodikaya dair tətbiqi sualların cavablandırılması nəzəri metodiki biliklərlə yanaşı, pedaqoji təcrübə də tələb edir.

Qeyd edək ki, Yaqublunun bu açıqlaması sosial şəbəkədə müəllimlər tərəfindən birmənalı qarşılanmayıb. Onlar qeyd edir ki, MİQ imtahanında iştirak edənlərin böyük əksəriyyəti zatən pedaqoji təcrübəyə malik deyil. Yəni onlar müəllim olmaq üçün bu imtahanı verirlər.

Redaktor.az-a danışan Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov bildirdi ki, imtahan verən şəxsin mütləq təcrübəsi olmalıdır.

"Əgər müəllimin təcrübəsi yoxdursa, müəllim kimi işləməyibsə, onun heç bir pedaqoji təcrübəsindən söhbət gedə bilməz. Buna görə də düşünürəm ki, bu reallığı mümkün qədər nəzərə almalıyıq. Gərək şəxs müəllim kimi işləsin ki, pedaqoji təcrübə yığsın. Müəllim kimi işləməyən şəxsin pedaqoji təcrübəsi olmayacaq. Bu formada prosesə müəyyən mənada çətinlik yaranır. Ümumiyyətlə, düşünürəm ki, müəllimlərin işə qəbulunun ən doğru yolu MİQ imtahanlarıdır. Bu imtahanlar həddindən artıq çətin də deyil. Sadəcə müəllimlərimiz daha fəal olmalıdırlar. Suallar hazırlanarkən bütün məqamlar nəzərə alınmalıdır. Təcrübə olmayanda hansısa suala müəllim cavab verə bilməyəcək", - deyə deputat vurğuladı.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən