"Sadəcə kişilərin qoşulacağı MİQ imtahanı absurd səslənir" - AÇIQLAMA

"Hər yerdə qadınların faizi müəllimlik peşəsində kişilərə nisbətdə çoxdur. Amma bu nisbət Azərbaycanda daha çoxdur. Buna görə də kişilərin bu sahəyə yönəlməsi üçün xüsusi təşviq paketləri hazırlana bilər. Kişilər bu peşəni seçib 3-5 il burada qalırlar. Hər il maaşa artım təyin oluna bilər. Hər bir ölkədə inflyasiya və devalvasiya var. Hər ilin sonu müəllimin maaşı yenidən hesablanmalıdır".
Bu fikirləri Redaktor.az-a təhsil eksperti Qoşqar Məhərrəmov təhsil sahəsində kişi müəllimlərə edilə biləcək güzəştlərdən danışarkən bildirdi.
Təhsil ekspertinin sözlərinə görə, müəllimlərin maaşına müəyyən qədər artımlar olmalıdır.
"Kişilərin maaşına müəyyən qədər daha çox artım olsa, əlbəttə, qadınlar bundan narahat olub deyəcəklər ki, ədalət prinsipi pozulur. Müəyyən təşviq xarakterli proseslər üçün müəyyən müddət bu tətbiq oluna bilər. Sadəcə maaşla da deyil, kişinin müxtariyyətə ehtiyacı var. Kişi özünü müəyyən qədər iş yerində səlahiyyətli hiss etmək istəyir. Kişi xarakterindən gələn məsələlər onların müəllimlik peşəsində qalmasına mane olur. Sadəcə kişilərin qoşulacağı MİQ imtahanı absurd səslənir", - deyə Qoşqar Məhərrəmov vurğuladı.
Aytəkin TOFİQQIZI