Sertifikasiyada zəif nəticə göstərənlərin 44 faizi bu universitetin məzunlarıdır - Nazir

“Müəllimlərin sertifikatlaşdırılması prosesində riyaziyyat fənnindən ən yüksək nəticələr Xaçmaz, Siyəzən, Mingəçevir, İsmayıllı və Sumqayıt şəhərləri üzrə olub”.
Redaktor.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma 2025: peşəkar müəllim–keyfiyyətli təhsil" adlı tədbirdə çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, elə bölgələr var ki, orada nəticələri zəif olan riyaziyyat müəllimləri fəaliyyət göstərirlər:
"Buna görə də bəzi məktəblərdə 5 müəllimdən yalnız biri növbəti tədris ilində riyaziyyat fənnini tədris etməyə davam edə biləcək”.
Əmrullayev qeyd edib ki, riyaziyyat fənnindən sertifikatlaşdırma imtahanında zəif nəticə göstərən müəllimlərin 44 faizi Azərbaycan Beynəlxalq Universitetin məzunlarıdır:
“Zəif nəticə göstərən müəllimlərin bitirdiyi universitetlərə Kirovabad Dövlət Universiteti, Gəncə Dövlət Pedaqoji Universiteti, Azərbaycan Texniki Universiteti və Bakı Dövlət Universitetinin Şəki filialı daxildir”.
Nazir bildirib ki, bu universitetlərin çoxu hazırda ya fəaliyyət göstərmir, ya da müəllim hazırlığı ilə məşğul olmurlar.