"Əksəriyyət MİQ-də zəif nəticə göstərirsə, bu, təkcə onların savadsızlığı deyil, həm də..."

Bir neçə gündür ki, ölkəmizdə müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqə davam edir. Məlumata görə, bu il 70 min nəfər müəllim adı uğrunda mübarizə aparır. İmtahanlarda iştirak edən bir çox şəxslər isə sosial şəbəkələrdə sualların çətinliyindən şikayətlənirlər. Bununla bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu açıqlamasında bildirib ki, "suallar çətin olmayıb, müəllimlərin metodiki bilikləri zəifdir".
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov bildirdi ki, müəllimlərin işə qəbulu imtahanlarında iştirak edən namizədlərin sayının artması, bir tərəfdən təhsil sahəsinə marağın yüksəldiyini, digər tərəfdən isə ölkədə işsizlik səviyyəsinin artdığı bir şəraitdə sabit dövlət işi axtaranların bu sahəyə yönəldiyini göstərir:
"2025-ci ildə 70 minə yaxın namizədin MİQ imtahanına müraciət etməsi bu sahədə kütləvilik yaratdığı halda, nəticələrin zəifliyi və imtahandan sonra yayılan açıqlamalarda “suallar çətin deyildi, müəllimlərin metodiki bilikləri zəifdir” fikri geniş narazılıqla qarşılanıb. Belə bir vəziyyətdə məsələyə yalnız emosional deyil, sistemli və analitik yanaşmaq zərurəti yaranır.
Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununun 22.2-ci maddəsində qeyd olunur ki, müəllimlərin peşəkarlıq səviyyəsi onların pedaqoji hazırlığı, ixtisas üzrə bilik və bacarıqları, tədris metodikası və şəxsiyyət keyfiyyətləri ilə müəyyən olunur. MİQ imtahanı isə bu komponentlərin yalnız bir qismini – əsasən test formasında fənn və metodiki bilikləri qiymətləndirir. Bu zaman qiymətləndirmənin miqyası, uyğunluğu və məqsədəuyğunluğu əsas göstərici olmalıdır".
Ekspertin sözlərinə görə, real nəticələr göstərir ki, müəllimlərin zəif nəticə göstərməsi təkcə fərdi savadsızlıqla izah edilə bilməz:
"Bu miqyasda zəif nəticələr problemin sistematik olduğunu sübut edir. 2023-cü ilin MİQ nəticələrinə əsasən, iştirak edənlərin yalnız 18 faizi keçid balını toplayaraq uğur qazanıb. 2024-cü ildə isə bu faiz dəyişməyib, bəzi fənlər üzrə isə daha da azalıb. Məsələn, informatika, riyaziyyat və tarix fənlərində keçid balını toplayanların nisbəti 15 faizdən aşağı olub. Bu zaman sualların qiymətləndirmə meyarlarına uyğun olub-olmaması, dərsliklərlə uzlaşması və psixoloji yüklülüyü də nəzərdən keçirilməlidir. Onlarla müəllim sosial şəbəkələrdə təqdim olunan testlərin dərslikdən kənar, bəzi hallarda isə təlimatlara uyğun olmayan formada tərtib olunduğunu qeyd edib. Bu, testlərin tərtibatında şəffaflığın və elmi əsaslandırmanın zəifliyini üzə çıxarır.
Dünya praktikasında müəllimlərin işə qəbulunda yalnız test deyil, eyni zamanda müsahibə, dərs nümunəsi təqdimatı, psixoloji uyğunluq testləri və portfel qiymətləndirməsi də tətbiq olunur. Azərbaycanın hazırkı modeli isə əsasən test nəticələrinə əsaslanır və bu testlərin keyfiyyəti, məzmun uyğunluğu və psixoloji yüklənməsi mütəmadi olaraq şübhə altına alınır. Sualların əvvəlcədən bəzi şəxslərə təqdim edilməsi, sosial mediada yayılması və təlimçilərlə əlaqəli sızmalar MİQ-in etibarlılığına ciddi zərbə vurur. Əgər MİQ imtahanında iştirak edən 70 min şəxsdən böyük əksəriyyəti zəif nəticə göstərirsə, bu, təkcə onların savadsızlığı deyil, həm də təlim sisteminin keyfiyyətsizliyi və imtahan modelinin natamamlığı deməkdir.
Bu vəziyyətin dəyişməsi üçün ilk növbədə testlərin tərtibatı və yoxlanması prosesi tamamilə yenilənməlidir. Tədris olunan rəsmi dərsliklər əsas götürülməli, metodiki suallar isə kurikulumun təlim nəticələri ilə uyğunlaşdırılmalıdır".
Müsahibimiz təklif edir ki, testlər ictimai ekspertiza mərhələsindən keçirilməli, akademik cəmiyyət və təhsil müəssisələri ilə birgə hazırlanmalıdır.
"İkinci vacib dəyişiklik imtahanın çoxkomponentli modelə keçirilməsidir. Yəni test nəticəsi yalnız ilkin mərhələ olmalı, sonrakı mərhələlərdə praktiki dərs icrası, layihə təqdimatı və şagird yönümlü düşüncə modeli yoxlanmalıdır. Üçüncü vacib məsələ müəllim hazırlığı sisteminin dəyişdirilməsidir. Universitetlərdə müəllimlik ixtisasları üzrə tədris proqramları və praktik təcrübə modelləri yenilənməli, məzunların MİQ-ə uyğun hazırlığı real və funksional olmalıdır.
Əgər bu dəyişikliklər həyata keçirilərsə, MİQ imtahanı təhsil sisteminin güclü tərəflərini ayırmaqla yanaşı, mövcud problemlərin də diaqnozu olacaq. Hazırkı vəziyyət davam edərsə, müəllimlər ictimai qınağa məruz qalacaq, təhsilə olan maraq azalacaq və peşəyə yeni kadr axını zəifləyəcək. Bu isə uzunmüddətli perspektivdə təhsilin keyfiyyətinə və ölkənin intellektual inkişafına ciddi zərbə vuracaq.
MİQ imtahanı yalnız seçim mexanizmi deyil, həm də təhsil sisteminin güzgüsüdür. Bu güzgüdə əks olunanlar ya bizə düzəlmək üçün siqnal verəcək, ya da inamsızlıqla baş verənləri seyr etməyə davam edəcəyik. Əgər nəticələrin arxasında 70 min nəfərin zəifliyi dayanırsa, bu, ölkənin təhsil siyasətində böhran olduğunu göstərir. Əgər sualların keyfiyyətsizliyi və uyğunsuzluğu əsas səbəbdirsə, bu da ayrı bir böhrandır. Hər iki halda məsuliyyət daşıyan tərəflər bu məsələyə sadə izahlarla deyil, dərin islahatlarla cavab verməlidirlər", - deyə təhsil eksperti qeyd etdi.
Xədicə BAXIŞLI