"Çox səhv edib universitetdə dörd ilimi itirmişəm" - Peşə təhsilinə maraq ARTIR

Bu il peşə təhsil müəssələrinə qəbul ötən illə müqayisədə 21 faiz artıb. Hətta onlardan bəziləri müəllim, bəziləri də universitet məzunu olub.
Bəs peşə təhsilinə artan marağın səbəbi nədir?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında təhsil eksperti Elmin Nuri bildirdi ki, çalışdığı Sosial Tədqiqatlar Mərkəzində peşə təhsili ilə bağlı bir tədqiqat aparıblar:
"Apardığımız tədqiqat nəticəsində bir çox məsələnin şahidi olduq. Bundan əlavə, jurnalist kimi çalışarkən bizim peşə təhsili ilə bağlı çox yaxşı layihələrimiz var idi. Onlardan biri də ali təhsilli. olmasına baxmayaraq, peşə təhsili alan şəxslərlə müsahibə idi. Biz 40-a yaxın insanla müsahibə apardıq və hamısının sözü, bilirsinizmi, nə oldu? "Çox səhv edib universitetdə dörd ilimi itirmişəm". Bununla universitetlərin nüfuzunu aşağı salmaq istəmirəm. Amma əmin ola bilərsiniz ki, bizim çağdaş dövrümüz və əmək bazarının tələbləri üçün indiki peşə təhsil mexanizmimiz daha uyğundur. Mən peşə təhsilinin əmək bazarı üçün yararlılığını kolleclərlə müqayisə belə etmirəm. Onları peşə təhsili nə qədər üstələyir, bu, tam ayrı mövzudur".
Ekspertin fikrincə, peşə təhsilinin əmək bazarı üçün faydalılığına və praktikliyinə görə bəzi universitetlərdə bir sıra ixtisasları qabaqlayır.
"Səhv etmirəmsə, 13 qrupdan ibarət peşə ixtisasları var və bunun içində 100-dən çox peşə mövcuddur. Peşə Təhsili Agentliyinin saytında bunlarla tanış olmaq mümkündür. Onların hər biri əmək bazarındakı yararlılığı ilə fərqlənir.
Mən fürsətdən istifadə edib Peşə Təhsili Agentliyinə öz təşəkkürümü bildirirəm. Həqiqətən, peşə təhsilində son 5-10 il ərzində çox mükəmməl işlər görüldü. Burada ən önəmli məqam isə əmək bazarı ilə peşə təhsilinin uyğunlaşdırılması idi. Əvvəllər yalnız bir dəfə peşə təhsili müəssisələrinə qeydiyyat olurdu. İndi isə o qədər tələbat var ki, keçən il 3 dəfə ayrı-ayrı vaxtlarda qeydiyyat aktivləşdirildi. Yəni düşünürəm ki, əmək bazarının qoyduğu tələblər, praktikliyi, ölçülmüş dəyərləndirmələr peşə təhsilini cəmiyyətə daha faydalı və əlçatan etdi",- deyə Elmin Nuri qeyd etdi.
Xədicə BAXIŞLI