Sertifikasiya prosesində nəzarətçilər müəllimi stres altına salmamalıdır - Keçmiş deputatdan ETİRAZ

Müəllimlərin sertifikasiya imtahanı zamanı nəzarətçilərin sayının çoxluğu və bəzi hallarda nəzarətçi qismində çıxış edən şəxslərin yaşı və təcrübəsinin müəllimlərdən az olmasına baxmayaraq onlara qarşı sərt münasibət sərgiləməsi ilə bağlı müəyyən şikayətlər mövcuddur.
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin keçmiş üzvü, təhsil eksperti Sona Əliyeva bildirdi ki, müəllimlərin sertifikasiya imtahanı onsuz da onların üzərində ciddi psixoloji təzyiq yaradır:
"Bu prosesin məqsədi müəllimlərin peşəkar inkişafını dəstəkləmək, tədris keyfiyyətini yüksəltməkdirsə, imtahanın keçirilmə forması da bu məqsədə uyğun olmalıdır. Bəzi hallarda nəzarətçilərin davranışı, xüsusilə də yaşı və təcrübəsi müəllimlərdən aşağı olan şəxslərin sərt, rəsmi və bəzən hətta hörmətsiz yanaşmaları müəllimlər arasında haqlı narazılıq doğurur. Unutmaq olmaz ki, bu imtahana girən insanlar təcrübəli, illərini təhsilə vermiş müəllimlərdir. Onların auditoriyaya daxil olduğu andan etibarən qarşılarında anlayışlı, nəzakətli və situasiyanı idarə etməyi bacaran nəzarətçiləri görmək hüquqları var. Bu insanlar onsuz da imtahan zamanı narahatlıq keçirirlər".
Keçmiş deputat qeyd etdi ki, əlavə stres, lüzumsuz sərtlik, yaxud alçaldıcı davranışlarla üz-üzə qalmaq əlbəttə ki, qəbuledilməzdir.
"Əgər nəzarətçi tələbədirsə və ya müəllimdən yaşca kiçikdirsə, bu, onun müəllimlə nəzarətçi kimi ünsiyyət qurmasına maneə olmalı deyil. Amma səs tonu, münasibət və yanaşma ciddi şəkildə diqqət tələb edir. Nəzarətçi intizamı qorumalıdır, amma bunu anlayışla və etik çərçivədə etməlidir. Sertifikasiya prosesi müəllimi incitmək üçün deyil, onun inkişafına dəstək olmaq üçün nəzərdə tutulubsa, bütün bu proses də bu niyyətə uyğun aparılmalıdır.
Sertifikasiya zamanı nəzarətin güclü olması başa düşüləndir. Amma bu nəzarət müəllimi sıxmaq, stres altına salmaq, yaxud ona qarşı sərt və hətta bəzən kiçildici münasibət göstərmək anlamına gəlməməlidir. Əksinə, bu proses müəllimə güvən hissi verməli, sistemin onu şəxsiyyət və peşəkar kimi tanıdığını hiss etdirməlidir. Əgər biz təhsilin keyfiyyətindən danışırıqsa, o zaman müəllimin dəyərini qorumaq bu sistemin ilk şərti olmalıdır", - deyə Sona Əliyeva vurğuladı.
Xədicə BAXIŞLI