Bu qrupda 10-11 min nəfər plan yerindən kənarda qala bilər - Elçin Əfəndi

"1-ci və 4-cü ixtisas qrupları üçün birinci cəhdlə müqayisədə ikinci cəhdin nəticələrinin daha yüksək olacağı gözlənilir. Hər il olduğu kimi, ikinci cəhddə abituriyentlər daha uğurlu olur və nəticələrini yaxşılaşdırmağı bacarırlar".
Bu fikirləri Redaktor.az-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi 1-ci və 4-cü ixtisas qruplarının bu həftəsonu keçiriləcək ikinci cəhd imtahanından danışarkən bildirdi.
"Ümumiyyətlə, birinci və ikinci cəhddə abituriyentlərin sayı keçən ilə nisbətən çoxdur. Buna müvafiq olaraq plan yerlərində isə artım yoxdur. Məsələn, 1-ci qrupda plan yerindən kənarda 10-11 min nəfər qala bilər. 4-cü qrupda isə 2 min nəfərdən çox abituriyentin kənarda qalma ehtimalı var. Ona görə də abituriyentlər imtahanda və ixtisas seçimində diqqətli olmalıdırlar.
Qaldı ki, sualların asan və ya çətin olması məsələsinə, düşünürəm ki, suallar əlçatan olacaq. Uşaqlar bu imtahana ciddi hazırlaşırlar. İkinci və üçüncü qruplarla müqayisədə, onların hazırlıq müddəti daha çoxdur" - deyən ekspertin fikrincə, nəticələrin yaxşılaşması mümkündür:
"Hazırkı vəziyyətdə 34 200 abituriyent imtahanda iştirak edəcək. Onlardan 24 059 nəfər 1-ci ixtisas qrupuna, 5634 nəfər isə 4-cü ixtisas qrupuna daxildir. TC alt qrupu ilə imtahan verənlərin sayı isə ümumilikdə 4535 nəfərdir. Bu istiqamətdə də imtahan verən şagirdlərin coğrafiya nəticələrinin yaxşılaşması ehtimal olunur. Qeyd etmək istəyirəm ki, keçən illə müqayisədə bu il ikinci cəhdə imtahan verənlərin sayı daha çoxdur".
Xədicə BAXIŞLI