"Suallar namizəddən pedaqoji duyum, fəhmi və fikri yanaşma tələb edir" - Elmin Nuri

"Müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsinin, həmçinin, müəllimlərin sertifakatlaşdırılması prosesinin test imtahanı mərhəsində ixtisas fənni və metodika ilə bağlı təqdim olunan sualların böyük əksəriyyəti nəzəri xarakter daşıyır".
Bunu Redaktor.az-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, elm və təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublunun MİQ-də "metodikaya dair tətbiqi sualların cavablandırılması nəzəri metodiki biliklərlə yanaşı, pedaqoji təcrübə də tələb edir" fikirlərini şərh edərkən bildirdi.
"Amma onu da deməliyik ki, bu suallar həm də müəllimdən yeni yanaşmalar, məntiqi əlaqələndirmələr, analitik bacarıqlar tələb edir. Bunu xüsusən də MİQ müsabiqəsində təqdim olunan suallarla bağlı demək olar. Sualların peşəkarlar tərəfindən yüksək səviyyədə hazırlandığını etiraf etməliyik. Amma suallarda nəzəri ilə yanaşı, praktiki aspektlər də nəzərə çarpır. Lakin burada qorxuducu, narahatedici nəsə görmürəm. Yəni, pedaqoji təcrübəsi olmayanların, yaxud, az olanların bu suallar qarşısında aciz qalacaqlarını düşünmürəm. Çünki bu suallar pedaqoji təcrübə, pedaqoji stajdan çox namizəddən pedaqoji duyum, fəhmi və fikri yanaşma tələb edir. Bu isə yaş, daha çoxillik təcrübə faktoruna baxmır" - deyən müsahibimizin sözlərinə görə, pedaqoji yanaşmalarda praktikilik hər hansı mövzunu daha əyani şəkildə keçmək bacarığı, situasiyanı düzgün dəyərləndirmək qabiliyyətidir:
"Bunun üçün isə təbii ki, təcrübə, staj vacib məsələdir, amma hər şey demək deyil. Gənc namizədlər bu sualların öhdəsindən gəlmək üçün öz üzərlərində çox işləməli, sadəcə dünyanın çağdaş təhsil trendlərini izləməlidirlər. Bu, onlar üçün kifayət edəcəkdir. MİQ-də yüksək nəticə göstərənlərin, maksimal bal toplayanların böyük əksəriyyətinin məhz gənclər olduğunu nəzərə alsaq, asanlıqla deyə bilərik ki, pedaqoji praktikilik onlarda daha güclüdür".
Aytəkin TOFİQQIZI