MİQ imtahanından yüksək bal toplayan müəllim: “Xankəndidə işləmək istəyirəm”

 11:48 13.07.2025     362

Müəllimlərin işə qəbulu imtahanında (MİQ) yüksək bal toplayanlardan biri də Aysu Abbasovadır. 

Redaktor.az "Azərbaycan müəllimi"nə istinadla xəbər verir ki, o, “Musiqi müəllimliyi” ixtisası üzrə MİQ imtahanında 90,75 bal toplayıb.

İmtahan təəssüratlarını bölüşən Aysu bildirir ki, suallar meyarlara uyğun şəkildə, asan, orta və çətin səviyyələrdə tərtib olunmuşdu:

“Bəzi suallar o qədər sadə idi ki, cavablandırmaq üçün bir dəqiqə kifayət edirdi. Nəzəri suallarda isə bir qədər düşünmək lazım gəlirdi, bu da 2-3 dəqiqə vaxt aparırdı. Metodiki suallar gözlədiyimdən daha asan idi. Əlbəttə, çətin suallar da vardı, lakin onların da öhdəsindən gəlmək mümkündür. Ümumilikdə sualların qoyuluşu və məzmunu məni tam qane etdi”.

Aysu Abbasova müəllimlik peşəsinin nə qədər məsuliyyətli olduğunu artıq dərk edir. O deyir ki, gələcək nəslin formalaşmasında mühüm rol oynayan müəllimlərin seçiminin bu formada aparılması ədalətlidir: “İmtahanların elektron formada təşkili və nəticələrin yerində təqdim olunması isə prosesin şəffaflığını bir daha sübut edir”.

O, musiqi fənninin tədrisinin əhəmiyyətinə də xüsusi diqqət çəkir:

“Şagirdlərimiz akademik biliklə yanaşı, mədəniyyət və incəsənət sahəsində də məlumatlı olmalıdırlar. Bu, onların digər fənlərə daha yaradıcı yanaşmasına şərait yaradır. Orta məktəblərdə musiqi fənninin keyfiyyətli tədrisi uşaqların yaradıcı potensialının üzə çıxarılması baxımından olduqca vacibdir. Arzu edirəm ki, musiqi dərsləri sadəcə ötəri keçilən bir fənn olmasın. Məncə, digər fənlər kimi musiqi də yüksək səviyyədə tədris edilməli, uşaqlarda musiqi zövqü erkən yaşlardan formalaşdırılmalıdır. Bir müəllim kimi bu bacarıqların şagirdlərdə inkişaf etdirilməsi üçün əlimdən gələni edəcəyəm”.

Uğurun heç də asan qazanılmadığını deyən Aysu xanım bəzən çətinliklərlə qarşılaşsa da, heç vaxt seçdiyi yoldan dönməyib:

“Düşünürəm ki, insanın arzulayıb nail ola bilməyəcəyi heç bir uğur yoxdur. İstək bizi ən uca zirvələrə çatdıran gücdür. Ən əsası isə odur ki, insan istəyərsə, bütün çətinlikləri dəf etmək mümkündür”.

Hazırda onun ən böyük arzusu işğaldan azad olunmuş doğma torpağımızda – Xankəndi şəhərində müəllim işləməkdir, məhz burada ölkənin gələcəyini formalaşdıracaq şagirdlərə bilik verməkdir.

Vumart və Güvən reklamı Vumart Güvən