"Kodlaşdırma üzrə əvvəlki illərin nəticələrinin düzgün analizi vacibdir" - Təhsil ekspertindən TÖVSİYƏ

Bu il magistraturaya qəbul imtahanında 40–50 bal aralığında nəticə göstərən kifayət qədər namizəd mövcuddur. Bu isə ixtisas seçimi zamanı rəqabətin yüksək olmasına gətirib çıxaracaq.
Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli Redaktor.az-a açıqlamasında bildirdi ki, 40–50 bal aralığı magistratura müsabiqəsində nə tam təhlükəsiz, nə də tam şanssız bir mövqedir:
"Bu bal aralığı daha çox “riskli zona” hesab olunur. Yəni nə qədər ixtisas seçimində düzgün addımlar atılsa da, ümumi kontingentin bal səviyyəsi ilə bağlı dəyişkənlik bu namizədlərin qəbul şansına birbaşa təsir edə bilər. Bu səbəbdən 40–50 bal arası nəticə göstərən namizədlərə ilk növbədə emosional deyil, məntiqi və məlumatlı şəkildə seçim etmək tövsiyə olunur. Yəni sadəcə adını bəyəndiyi və ya tanışlardan eşitdiyi ixtisaslara deyil, real keçid balı statistikasına, proqramın kontingent sayına və tələbinə baxaraq qərar verməlidirlər. Ən böyük səhv isə “nə olsa yazaram” yanaşmasıdır".
Təhsil ekspertinin fikrincə, bu yanaşma əslində şansı artırmır, əksinə, reallıqdan uzaqlaşdığı üçün uğursuz nəticənin əsas səbəbinə çevrilə bilər:
"MBA üzrə sənəd verənlərin sayının çox olması da əlavə bir rəqabət mühiti yaradır. MBA proqramları təbiətcə daha praktik yönümlü və populyar olduğundan bu sahəyə maraq yüksəkdir, lakin bu maraq eyni zamanda keçid balının da gözləniləndən yüksək olmasına səbəb ola bilər. Belə olduqda 40–50 bal aralığında olan bir namizəd yalnız MBA istiqamətinə fokuslanarsa, alternativlərdən məhrum qala bilər. Bu səbəbdən yalnız bir istiqamətə bağlanmaq deyil, bir neçə uyğun sahəni araşdırmaq daha məqsədəuyğundur".
Ə.Həsənli sonda onu da qeyd etdi ki, belə nəticə göstərən bakalavrların çox olması hər bir namizədin daha fərqli düşünməsini zəruri edir.
"Bu mərhələdə peşəkar dəstək, kodlaşdırma üzrə real təhlillər və əvvəlki illərin nəticələrinin düzgün analizi olduqca vacibdir. Məqsəd təkcə sənəd göndərmək deyil, sənədin doğru yerə, doğru əsasla yönləndirilməsidir", - deyə o vurğuladı.
Xədicə BAXIŞLI