Təhsil ekspertindən kodlaşdırma ilə bağlı TÖVSİYƏ

"Magistraturaya qəbul imtahanında 40–50 bal aralığında nəticə göstərən abituriyentlər üçün ixtisas seçimi daha strateji və diqqətli aparılmalıdır. Bu bal aralığı “riskli zona” hesab olunur, çünki həm dövlət sifarişi ilə, həm də yüksək reytinqli universitetlərin ödənişli proqramlarına qəbul ehtimalı məhduddur".
Bu fikirləri Redaktor.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov magistraturaya qəbul imtahanında 40–50 bal aralığında nəticə göstərən abituriyentlər üçün ixtisas seçimi zamanı diqqət etməli olduqları nüanslardan danışarkən bildirdi.
"Bu səbəbdən, bu bal səviyyəsində olan namizədlər üçün seçim zamanı bəzi vacib məqamlar nəzərə alınmalıdır. Əvvəla, statistik göstəricilər onu deməyə əsas verir ki, 2024-cü ildə magistr imtahanında iştirak edənlərin 35%-ə qədəri 50-dən aşağı bal toplayıb. Dövlət İmtahan Mərkəzinin 2023 və 2024-cü illər üzrə açıqladığı nəticələrə əsasən, 40–50 bal arası toplayanların yalnız təxminən 20–25%-i dövlət sifarişi ilə təhsil almaq şansı əldə edə bilir, o da əsasən region universitetlərində və ya az rəqabətli ixtisaslarda.
Bu səbəbdən belə bal toplayanlar ilk növbədə real rəqabət imkanlarını düzgün qiymətləndirməlidir. Dövlət sifarişi yerlərinə minimal bal tələbləri və keçid balları ilə bağlı əvvəlki illərin statistikası diqqətlə analiz edilməlidir. Misal üçün, bəzi kənd təsərrüfatı, ekoloji planlaşdırma, biblioqrafiya, arxivçilik və texniki pedaqoji ixtisaslarda keçid balları daha aşağı olur. Əgər məqsəd yalnız dövlət sifarişi ilə təhsil almaqdırsa, bu cür ixtisaslara yönəlmək faydalı ola bilər. Amma nəzərə almaq lazımdır ki, bu ixtisasların əmək bazarında dəyəri və məşğulluq səviyyəsi bəzən məhdud olur".
Ekspert qeyd etdi ki, namizəd ödənişli əsaslarla oxumağı planlaşdırırsa, bu zaman ali məktəblərin tədris keyfiyyəti, magistr proqramlarının məzmunu, müəllim heyəti, xarici əlaqələri və məzun məşğulluq göstəriciləri əsas meyar kimi götürülməlidir.
"Xüsusilə özəl universitetlərdə bəzi magistr proqramları yüksək keyfiyyətli təhsil, xarici təcrübə imkanları və beynəlxalq akkreditasiyalar təklif edir. Belə proqramlar uzunmüddətli perspektivdə daha uğurlu peşə yolu aça bilər. 40–50 bal toplayanlar ixtisas seçimi zamanı “balım çatmasa da yazım, bəlkə düşdü” prinsipi ilə deyil, “balıma uyğun və mənim məqsədimə xidmət edən ixtisaslar hansılardır?” sualına əsaslanaraq kodlaşdırma aparmalıdır. Əvvəlki illərin statistik keçid ballarını təhlil etmədən, ixtisasın iş imkanlarını araşdırmadan, sadəcə diplom üçün seçim etmək, zaman və resurs itkisinə səbəb ola bilər".
K.Əsədov bildirdi ki, burada Elm və Təhsil Nazirliyinin və universitetlərin də ciddi boşluqları var.
"Nazirlik bu bal aralığında olan tələbələr üçün nə karyera yönümlü fərdi məsləhət xidməti yaradır, nə ixtisas seçimində dəstək təlimləri keçirir. Universitetlər isə magistr proqramlarını sadəcə reklam şəkilli təqdimatlarla tanıdır, halbuki bu tələbələrə proqramın real nəticələri və bazar dəyəri haqqında məlumat lazımdır.
Sonda, 40–50 bal aralığında olanlar üçün tövsiyə olunur ki, dövlət sifarişi ehtimalı olan, lakin rəqabəti aşağı ixtisaslara ön sıralarda yer versinlər, daha sonra ödənişli, lakin keyfiyyəti və faydası sübut olunmuş proqramları seçsinlər. Həmçinin, ixtisasdan çox proqramın məzmunu, verdiyi bacarıq və son nəticədə iş tapmaq ehtimalı əsas meyar olmalıdır. Diplom deyil, səriştə əsasdır. Bu səbəbdən də seçim edənlər yalnız balına uyğun deyil, məqsədinə uyğun seçim etməlidir", - deyə təhsil eksperti qeyd etdi.
Xədicə BAXIŞLI