"Sertifikasiyadan kəsilən müəllimlərin statusu ilə bağlı qərar verilməlidir" - TƏKLİF

 18:58 14.07.2025     376

"Sertifikasiya imtahanları müəllimlərin peşəkar inkişafının qiymətləndirilməsi və təhsilin keyfiyyətinin yüksəldilməsi baxımından mühüm bir vasitə kimi nəzərdə tutulsa da, bu prosesin tətbiqində bir çox struktur, metodoloji və kommunikasiya problemi mövcuddur. Ən böyük çətinlik isə bu imtahanlarda müəllimlərin kütləvi şəkildə kəsilməsi və bunun ardınca əmək münasibətlərinin pozulması ilə bağlıdır. Problemin kökündə təlim-tədris sisteminin zəifliyi, dəstək mexanizmlərinin olmaması, metodik vəsaitlərin çatışmazlığı və Elm və Təhsil Nazirliyinin bu istiqamətdə sistemsiz fəaliyyəti dayanır".

Bu fikirləri təhsil eksperti Kamran Əsədov Redaktor.az-a müəllimlərin sertifikasiya imtahanlarında daha yüksək nəticə göstərməmələrinin səbəbləri barəsində danışarkən bildirdi. Onun sözlərinə görə, 2024-cü ilin nəticələrinə əsasən, sertifikasiyadan keçən müəllimlərin ümumi faizi 69,8% təşkil edib:

"Bəzi fənlərdə bu göstərici 85%-ə qədər yüksəlsə də, tarix, fizika, riyaziyyat, kimya və xarici dil fənləri üzrə bu rəqəm 40-50% civarındadır. Bu göstərir ki, təhsil sistemində müəllim hazırlığının keyfiyyətində ciddi boşluqlar mövcuddur. “Təhsil haqqında” Qanunun 14.3-cü maddəsinə görə, müəllimlərin ixtisasartırma və peşəkar inkişafı dövlət tərəfindən təmin olunmalıdır. Lakin bu maddə praktikada həyata keçirilmir. Sertifikasiyaya hazırlıq mərhələsi sistemli deyil, təlimlər regiondan-regiona fərqli səviyyədə keçir, bəzən heç keçirilmir və ya rəsmi nəzarətə tabe deyil".

Ekspert bildirdi ki, sertifikasiya imtahanları formal şəkildə bilik yoxlaması funksiyası daşıyır, lakin müəllimin tədris keyfiyyətini, pedaqoji bacarığını, sinif idarəetməsini, kommunikasiya səriştəsini, texnoloji vasitələrdən istifadəsini qiymətləndirmir:

"Beləliklə, bu proses bilik yoxlaması ilə səriştə ölçümünü qarışdırır. Dünya təcrübəsində, məsələn, Sinqapurda müəllimlərin qiymətləndirilməsi üçün çoxpilləli model tətbiq olunur: yazılı test, dərs müşahidəsi, şagird rəyləri və rəhbərlik qiymətləndirməsi əsasında qərar verilir. Estoniyada müəllimin biliyi yox, sinifdə tətbiq etdiyi strategiya əsas götürülür və minimum bilik göstəricisi olsa belə, onun dəyişmək və inkişaf etmək istəyi əsas meyar sayılır.

Azərbaycanda isə müəllimlərə “imtahanda 30 bal toplaya bilmədin, işdən çıxarıldın” yanaşması tətbiq olunur. Bu isə təkcə fərdin deyil, bütövlükdə sistemin inkişafına zərbə vurur. Müəllim peşəsinin sosial nüfuzu aşağı salınır, motivasiya itirilir və gənc nəslin bu sahəyə marağı zəifləyir. Əmək Məcəlləsinin 70-ci maddəsinə əsasən, işçinin əmək müqaviləsi yalnız əmək funksiyasını yerinə yetirmədikdə və ya bacarıqsızlıq hallarında ləğv oluna bilər. Sertifikasiyada bal toplamaq əmək funksiyasının yerinə yetirilməsi ilə eyniləşdirilə bilməz. Bu baxımdan hüquqi cəhətdən də mövcud təcrübə mübahisəlidir. Sertifikasiyadan keçməyən müəllimlərin sayını azaltmaq üçün sadəcə imtahanı sadələşdirmək deyil, bu prosesi əvvəlcədən planlamaq, peşəkar hazırlıq mühiti yaratmaq, resurslarla təmin etmək, psixoloji və metodik dəstək vermək zəruridir. Nazirlik isə bu sahədə nə təhlil aparır, nə də qabaqlayıcı tədbirlər görür. İllik fəaliyyət planlarında sertifikasiya yalnız “yerinə yetiriləcək texniki prosedur” kimi qeyd olunur. Heç bir uzunmüddətli plan, inkişaf strategiyası, nəticələrin təhlili ilə bağlı ictimai hesabat təqdim edilmir. Prosesin monitorinqi, təsir analizləri, geridönüş mexanizmləri və təkrar hazırlıq planları mövcud deyil. Elm və Təhsil Nazirliyinin bu səssizliyi, məsuliyyət yayındırma cəhdi kimi dəyərləndirilə bilər".

K.Əsədovun sözlərinə görə, əslində, bu imtahan sisteminin düzgün tətbiqi ilə peşəkar inkişafı təşviq edən bir model qurmaq mümkündür.

"Sertifikasiyadan kəsilən müəllimlər üçün fərdi inkişaf planı hazırlanmalı, onlara mentor təyin olunmalı, 1 il ərzində intensiv ixtisasartırma proqramı keçilməli və yalnız bundan sonra onların statusu ilə bağlı qərar verilməlidir. Bu, həm hüquqi, həm də pedaqoji baxımdan daha humanist və məqsədyönlü yanaşmadır. Yaxın gələcəkdə bu sistem belə davam edərsə, müəllim çatışmazlığı daha da dərinləşəcək. Artıq bəzi regionlarda ixtisaslı müəllim tapılmadığı üçün vakansiyalar aylarla boş qalır. Əgər vəziyyət dəyişməzsə, xüsusən riyaziyyat, fizika, kimya və xarici dil müəllimləri üzrə ciddi kadr böhranı yaşanacaq. Bunun qarşısını almaq üçün sertifikasiya sisteminin özünü də “sertifikatlaşdırmaq” lazımdır – yəni səmərəliliyini, ədalətliliyini və məqsədəuyğunluğunu yenidən qiymətləndirmək və transformasiya etmək. Elm və Təhsil Nazirliyi təhsilin keyfiyyətini yalnız ölçmək yox, onu formalaşdırmaq və inkişaf etdirmək üçün sistemli tədbirlər görməlidir. Bu istiqamətdə real planların olmaması, risklərin proqnozlaşdırılmaması və ictimai iştirakın təmin olunmaması, təhsilin gələcəyinə münasibətdə məsuliyyətsizlik nümunəsidir. Təhsil islahat adı ilə yox, məqsəd və nəticə ilə həyata keçirilməlidir. Sertifikasiya, əgər düzgün idarə olunmasa, inkişaf aləti yox, kütləvi arxayınlıq və narazılıq mənbəyinə çevriləcək",- deyə ekspert qeyd etdi.

Nuriyyə NATİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən