Süni intellekt müəllimləri əvəz edəcək - Ekspert: "İndidən uyğunlaşmalıyıq"

 20:09 14.07.2025     63

Süni intellekt artıq müasir dünyanın əsas tələblərindən birinə çevrilib və bu texnologiyanın tətbiq sahələri gündən-günə genişlənməkdə davam edir. 

Azərbaycanda süni intellektin təhsil sahəsinə hansı təsirləri gözlənilir? 

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev bildirdi ki, həqiqətən, süni intellekt tədricən həyatımıza keçmiş olacaq.

"Bəlkə də yaxın 10 illikdə bir çox istiqamətlərdə, bir çox sahələrdə, bir çox peşələrdə süni intellektin aktiv istifadəsi öz həllini tapacaq. Mən hətta hesab edirəm ki, bir müddət sonra süni intellekt insanların bütün iş və bacarıqlarını əlindən alacaq, iş imkanlarını məhdudlaşdıracaq.

Bunu isə nə ilə qiymətləndirirəm? Baxın, hissə-hissə əvvəlcə mühasibatlıq sahəsi üzrə proqramlar hazırlandı və bu proqramlarda artıq bir düyməyə basmaqla elektron sistem özü idarə edərək, bütün məlumatları hazırlayıb qeyd etdi. Bu da müəyyən şirkət və dövlət qurumlarında işləyən mühasiblərin gördüyü işi bir neçə dəqiqədə həyata keçirdi. Burada artıq gələcəkdə mühasiblərin işlərində ixtisar olacağının siqnalları verildi.

Hətta dünya nəhənglərindən və tanınmış simalardan da bu haqda müəyyən informasiyalar sosial şəbəkələrdə yayımlanıb. Bunun digər növləri də mövcuddur. Məsələn, müşahidələrimə əsasən süni intellekt müəllimləri də əvəz edə biləcəyi yönündədir. Yəni bir müəllim sinifə girib tədris prosesini həyata keçirirsə və verilən bütün suallara cavab verirsə, bunu süni intellektlə də əvəz etmək mümkündür.

Süni intellektə bütün tədris planını qeyd etdikdə, həmin tədris proqramına əsasən suallar verib əlavə etdikdə bu proses rahatlıqla icra oluna bilər. Siz bilirsiniz ki, hazırda bəzi proqramlar mövcuddur ki, onlara hər hansı bir sualı verdikdə, istənilən suala uyğun olaraq cavabı rahat şəkildə telefonunuzda təqdim edir. Deməli, bu imkanlar varsa, süni intellektin getdikcə inkişafı daha çox sahələrdə özünü göstərəcək və bu, pedaqoji sahələrdən də yan keçməyəcək".

Ekspert hesab edir ki, gələcəkdə "zəif" və "güclü" müəllim anlayışı olmayacaq, "süni intellekt müəllimi" anlayışı olacaq:

"Belə müəllim həm tədris prosesini yüksək səviyyədə həyata keçirəcək, həm də şagirdin verdiyi suallara anında, operativ cavab verəcək. Bu da müəllim seçimində rəqabəti güclü şəkildə artıracaq. Ümumiyyətlə, gələcəkdə hər peşənin ən mükəmməli olmağa çalışmaq lazımdır. Müasir dövrün tələblərinə uyğun peşələr seçmək vacibdir. Hal-hazırda abituriyentlərin ixtisas seçmə müddəti yaxınlaşır. Abituriyentlərə tövsiyəm odur ki, gələcəyin tələblərinə uyğun ixtisasların seçilməsinə üstünlük versinlər.

Məsələn, kompüter yönümlü ixtisasların seçilməsi, eləcə də neft sektoru ilə bağlı azalmalar hiss olunmaqdadır. Lakin elektrik, elektronika ilə bağlı tələbat artıb, gələcəkdə daha da genişlənəcək. Elektrik və elektronika yönümlü ixtisaslara müraciət etmək daha məqsədəuyğundur".

R.Nurəliyev təklif edir ki, orta ümumtəhsil müəssisələrində süni intellektə uyğun dərslər keçirilsin.

"Qoy uşaqlarımız da süni intellektin hazırlanması istiqamətində müəyyən bilik və bacarıqlara yiyələnsinlər. Əgər yaxın 10 ildə dövr tamamilə süni intellektə keçəcək və ya ona adaptasiya olacaqsa, biz buna 10 il sonra deyil, indidən uyğunlaşmalıyıq. Ona görə də süni intellekt dərslərinin tədris olunması mütləq və vacibdir. Eləcə də ali təhsil müəssisələrində süni intellektlə bağlı ixtisasların artırılması və bu sahədə bacarıqların aşılanması zəruridir. Düşünürəm ki, süni intellekt ayrıca bir dərs olaraq ibtidai sinifdən sonra uşaqlara keçirilməlidir.

Bizdə hazırda süni intellektin tədrisində çatışmazlıq var. Çünki bizdə belə bir yanaşma mövcuddur: dünya bir işə başlayır, biz isə o işi yekunlaşdırdıqdan sonra başlamağa çalışırıq. Ona görə də süni intellektin tədrisi vacibdir. Bu işi 10 il sonraya saxlamamalıyıq. 10 il sonra artıq ona ayaq uydurmalıyıq.

Məhz buna görə də ümumtəhsil müəssisələrində bu, dərs kimi keçirilməli, ali təhsil müəssisələrində isə ixtisas kimi təşkil olunmalıdır. Bizdə əsas narahatlıq odur ki, hazır olan süni intellekt proqramlarından istifadə etməyi xoşlayırıq, amma özümüz hazırlama istiqamətində addımlar atmırıq.

Deyərdim ki, süni intellektlə bağlı xüsusi kurslar fəaliyyət göstərməlidir. Xüsusi hazırlıq mərkəzləri olmalıdır ki, zamanın tələbi ilə uyğunlaşa bilək. Ümumiyyətlə, Elm və Təhsil Nazirliyi, eləcə də Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi birgə müsabiqə təşkil etməli, bu istiqamətdə mükafatlar təqdim etməlidirlər. Belə müsabiqələrin keçirilməsi gənclərdə süni intellektə marağı artıracaq", - deyə Ramin Nurəliyev bildirdi.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən