"Emin Əmrullayev növbəti yalanlarından birini danışır" - Elşən Qafarov

 14:31 15.07.2025     2045

Sertifikasiya imtahanlarında kollec məzunu olan müəllimlərinin nəticələri aşağıdır. Bu barədə danışan elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, bu səbəbdən də bir müddətdir kolleclərdə "Müəllimlik" ixtisası üzrə hazırlıq dayandırılıb.

Mövzu ilə bağlı Redaktor.az-a danışan təhsil eksperti Elşən Qafarov bildirdi ki, kolleclərə pedaqoji sahədə qəbul 2015-ci ildən dayandırılmağa başlayıb:

"Emin Əmrullayev növbəti yalanlarından birini danışır. Təhsilin inkişafı üzrə dövlət strategiyası qəbul edildikdən sonra inkişaf etmiş Avropa təhsilinə inteqrasiya əsas hədəflərdən olduğu üçün artıq kolleclərlə bağlı müəyyən addımlar atıldı. Bu gün dünyanın təhsil sistemində ümumtəhsil məktəblərində, məktəbəqədər sistemdə işləyənlərin fəaliyyəti pedaqoji yox, elmi-pedaqoji fəaliyyət sayılır. Dünyanın təhsil sistemində bu sahələrə magistr təhsili tələb olunur. Bu, elmi-pedaqoji fəaliyyət hesab olunur".

Təhsil ekspertinin sözlərinə görə, kolleclərin ləğv olunması düzgün istiqamətdə aparılmayıb:

"Əslində kolleclər ali məktəblərin nəzdinə verildi. Yenə də kollec təhsili qalmaqda davam etdi. Əslində bu sistem ali təhsillə birləşməli idi. Sertifikasiyadan yüksək nəticə göstərən müəllimlərin böyük hissəsi kollec məzunlarıdır. Emin Əmrullayevin guya "kollecləri sertifikasiyaya görə dayandırmışıq" açıqlaması növbəti yalandır. Kolleclərdə pedaqoji ixtisaslar 2015-dən dayandırılmağa başlayıb. 2018-ci ildə demək olar ki, başa çatıb. Sertifikasiya isə 2021-ci ildən keçirilməyə başlayıb. Ümumilikdə bu gün ali təhsil müəssisələrimiz pedaqoji sahədə kadr hazırlığında çox böyük problemlər yaşayır".

Elşən Qafarov vurğuladı ki, ölkədə 46 ali təhsil müəssisəsinin 22-23-də pedaqoji sahədə kadr hazırlanır.

"Amma bu gün müəllimlərin işə qəbulunda ali məktəblərin keçdiyi proqramlar üzrə mövzular düşmür. Emin Əmrullayev yaxşı olardı ki, buna diqqət çəksin. Ümumiyyətlə, real tələbatlara uyğun olaraq pedaqoji kadr hazırlaya bilirikmi? Biliriksə, niyə pedaqoji sahədə təhsil alanlar son kurslarda əlavə repetitor yanına gedirlər ki, müəllimlərin işə qəbulu (MİQ) imtahanı versinlər? Məsələ budur. Azərbaycanda müəllim hazırlığı prosesi düzgün istiqamətdə getmir. Müəllim namizədini 4 il parta arxasında oturduruq. 70-ci illərdən qalma köhnə mühazirələri onlara oxuyuruq. Nəticədə 4 ildən sonra diplom veririk. Deyirik ki, MİQ-i uğurla keçin, amma 4 ildə keçdikləriniz sizə düşməyəcək", - deyə müsahibimiz fikrini yekunlaşdırdı.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən