Keçmiş deputatdan DİM sədrinin bəzi ixtisasların ləğvi barədə açıqlamasına MÜNASİBƏT

Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə açıqlaması zamanı bildirib ki, bəzi ixtisaslar təxminən 5 ilə ləğv olunacaq. Lakin o, konkret olaraq hsnsı ixtisasların ləğv olunacağını açıqlamayıb.
Bəs gələcəkdə hansı ixtisaslar ləğv oluna bilər? Ümumiyyətlə belə addımın atılması düzgündürmü?
Redaktor.az-a danışan Milli Məclisin Elm və təhsil komitəsinin keçmiş üzvü, təhsil eksperti Sona Əliyeva bildirdi ki, bəzi ixtisasların yaxın 5 ildə ləğv ediləcəyi ilə bağlı açıqlama cəmiyyətin diqqətini çəkir:
"Çünki hər bir abituriyent ixtisas seçərkən həm də gələcək peşəsini, öz maliyyə təminatını seçir. Bu məsələni düzgün anlamaq üçün vacib olan əsas məqam odur ki, burada söhbət konkret peşələrin yox olmasından deyil, artıq əmək bazarında ehtiyac duyulmayan ixtisasların təhsil sistemindən çıxarılmasından gedir. İxtisasın ləğvi o deməkdir ki, bu sahə üzrə ali və ya orta ixtisas təhsili proqramları bağlanacaq və həmin istiqamətdə yeni qəbul dayandırılacaq. Bu, əmək bazarında həmin sahənin artıq aktual olmaması ilə birbaşa bağlıdır".
Keçmiş deputat qeyd etdi ki, bu cür yanaşma dünyanın inkişaf etmiş ölkələrində uzun illərdir tətbiq olunur və Azərbaycan təhsilinin də real əmək bazarına uyğunlaşdırılması baxımından zəruri addımdır:
"Müasir texnologiyaların və süni intellektin sürətli inkişafı nəticəsində bir çox ixtisaslar ya tamamilə aktuallığını itirib, ya da ciddi şəkildə yeni formada tətbiqinə ehtiyac duyulur. Məsələn, arxiv işi və sənəd dövriyyəsi, kitabxanaçı, klassik ofis menecmenti, mühasibatlıq (bank əməliyyatçısı və kassir), ənənəvi jurnalistika (çap mediası), bəzi kənd təsərrüfatı sahələri üzrə ixtisaslar artıq bir sıra ölkələrdə ya ləğv olunub, ya da rəqəmsallaşdırılmış yeni proqramlarla əvəzlənib. Bu istiqamətdə Azərbaycan təhsil sistemi də eyni prosesə qədəm qoyur. Lakin burada vacib olan yalnız ixtisasların ləğvi deyil, onların alternativlərinin və ya müasirləşdirilmiş formalarının yaradılmasıdır. Yəni məsələyə “məhdudlaşdırmaq” yox, “transformasiya” kimi yanaşılmalıdır. Bu baxımdan, ixtisasların tam ləğvindən əvvəl onların əmək bazarı ilə uzlaşdırılması, tədris proqramlarının yenilənməsi və məzunların gələcək perspektivlərinin nəzərə alınması vacibdir. Təklifim ondan ibarətdir ki, bu proses mərhələli, şəffaf və ictimai əsaslandırılmış şəkildə həyata keçirilsin".
Təhsil eksperti vurğuladı ki, həm ali təhsil müəssisələri, həm də əmək bazarının iştirakçıları ilə məsləhətləşmələr aparılmalı, ixtisasların ləğvi prosesində tələbələr, müəllim heyəti və ictimaiyyət vaxtında məlumatlandırılmalıdır.
"İxtisasların dəyişməsi və ya ləğvi gələcək üçün təhlükə yox, əksinə, zamanın tələbinə uyğunlaşma fürsəti kimi dəyərləndirilməlidir. Əgər bu addımlar düzgün idarə olunarsa, Azərbaycan təhsil sistemi həm gənclər üçün daha real imkanlar yaradacaq, həm də əmək bazarının dinamik inkişafına uyğun çevik struktur qazanacaq", - deyə Sona Əliyeva fikrini tamamladı.
Aytəkin TOFİQQIZI