"İqtisad Universitetində olan bir ixtisas niyə kollecdə keçirilməlidir?" - Təhsil eksperti

"Bu gün cəmiyyətdə əmək bazarının tələbi peşə tədrisi mövcuddur. Statistikaya nəzər salsaq, görərik ki, peşə təhsilini il ərzində bitirənlərin sayı 30 mini keçmir. Amma buna baxmayaraq, əmək bazarına onların fokuslanması, əmək bazarına yerləşməsi nəinki kollecləri, hətta universitetləri də qabaqlayır. Çünki oradakı ixtisaslar praktikidir. İxtisaslar birbaşa əmək bazarının tələblərinə cavab verir. Oradakı ixtisaslar birbaşa ən zəruri detallara fokuslanır".
Bu fikirləri Redaktor.az-a açıqlamasında təhsil eksperti Elmin Nuri kolleclərlə peşə təhsili arasındakı fərqlərdən danışarkən bildirdi.
"Peşə təhsili müəssisələri bu gün həqiqətən də əmək bazarında hesabatlaşmağa görə, tələb-təklif prinsipi ilə işləməyə görə nümunədirlər. Peşə təhsil müəssisələri bunu bacarıb. Lakin kolleclər yox. Sizə deyim ki, kolleclərdə də vəziyyət əvvəlkinə nisbətdə yaxşılaşmağa doğru gedir. Mən özüm kolleclərə ixtisas seçimi və konsultasiya ilə məşğulam. Fərqləri hiss edirəm. Artıq orada da praktikaya meyillilik artır", - deyə o qeyd etdi.
Ekspertin sözlərinə görə, pedaqoji ixtisaslar ki, yalnız universitet “materialıdır”, onlar yalnız universitetlərə yönəldilir.
"Artıq kolleclərdə bir dənə də olsun pedaqoji ixtisas qalmayıb. Amma bu azdır. Daha çox işlər görülməlidir. Bu gün tibb kollecləri əmək bazarında çox məhsuldardır. İstənilən xəstəxanada, klinikalarda tibb kollecinin yetirmələri olan tibb bacıları, qardaşları və digər texniki işçiləri görə bilirik. Hansı ki, bu heyət tibb institutunda yetişmir. Onlar kolleclərdə formalaşır.
Çox təəssüf olsun ki, aralarında 3 aylıq tibb kurslarını bitirənlər də var, amma istər Bakıdakı, istərsə də regiondakı tibb kolleclərinin rolu böyükdür. Tibb kolleci necə məhsuldardırsa, digər kolleclər də belə məhsuldar olmalıdır. Əmək bazarında öz yerlərini göstərməli və ona uyğun formalaşmalıdırlar.
Məsələn, kolleclərdə mühasibat uçotu var, maliyyə var. Bunlar nə qədər böyük və güclü universitetlərdə var. İqtisad Universitetində olan bir ixtisas niyə kollecdə keçirilməlidir? Bu cür detallar incələnməlidir. Kolleclər peşə təhsilinin praktiklik baxımından üst səviyyəyə çevrilməlidir" , - deyə Elmin Nuri qeyd etdi.
Xədicə BAXIŞLI