"Hazırlığa fənn müəlliminin yanına getməyəndə bilərəkdən qiyməti aşağı yazırlar" - Elçin Əfəndi

 16:59 16.07.2025     280

Bəzi hallarda şagirdlərin attestat balı aşağı, buraxılış imtahanlarının nəticələri isə yüksək olur. Valideynlər etiraz edərək bildirirlər ki, məktəb onların övladlarının qiymətini bilərəkdən aşağı yazır.

Bəs bunun əsas səbəbi nədir?

Təhsil eksperti Elçin Əfəndi Redaktor.az-a açıqlamasında bildirdi ki, imtahanda yüksək bal toplayan abituriyentin attestat qiymətlərinin ziddiyyət təşkil etməsinin səbəbi bir çox amilə bağlıdır:

"Əsas amil olaraq onu müəyyənləşdiririk ki, şagird faktiki olaraq buraxılış və ya blok imtahanı üçün hazırlığa kənarda gedir. O, kənarda hazırlığa getdiyi üçün məktəb davamiyyəti artıq zəifləyir. Ona görə də ona formal xarakterli qiymətlər yazılır. Digər amil təhsilverənlərin qərəzli formada qiymətləndirməsidir. Son dövrlər daha çox müşahidə edirik ki, təhsilverən hansısa fənn müəllimi şagird onun fənnindən onun yanına hazırlığa gəlməyibsə, formal qiymətlər yazır".

Təhsil ekspertinin sözlərinə görə, hazırlığa fənn müəlliminin yanına getməyəndə, bilərəkdən qiyməti aşağı yazırlar.

"Digər amil isə abituriyent tutaq ki, buraxılışdan daha az nəticə əldə etsin, amma attestat qiymətləri yüksək olur. Bu, o deməkdir ki, həmin şagird və ya valideyn nüfuz və ya hansısa şirnik nəticəsində attestat qiymətlərini yuxarı yazdırıb. Digər əksi ola bilər ki, şagird buraxılışdan yüksək nəticə əldə edib, amma attestatda aşağıdırsa, bəzi hallarda görürük ki, təhsil müəssisəsinin rəhbəri tərəfindən qiymətin aşağı yazılması ilə bağlı göstəriş verilir", - deyə E.Əfəndi qeyd etdi.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən