"Bəzi ixtisasların əmək bazarından çıxarılması qaçılmazdır" - Sona Əliyeva

 15:33 16.07.2025     158

"Beynəlxalq təcrübəyə əsaslanaraq deyə bilərik ki, ilk növbədə kassir və satış operatorları, zəng mərkəzi əməkdaşları, məlumat daxil edən işçilər, arxiv və sənəd dövriyyəsi üzrə əməkdaşlar, sadə anbar və çeşidləmə işçiləri kimi ixtisaslar risk altındadır. Məsələn, ABŞ və Avropa ölkələrində self-servis kassalar, chatbot texnologiyaları, süni intellekt əsaslı proqramlar artıq bu sahələrdə insan əməyini əvəz edir. "Amazon", "Alibaba" kimi nəhəng şirkətlərdə isə anbarlarda robotlar çalışır".

Bu fikirləri Redaktor.az-a Milli Məclisin Elm və təhsil komitəsinin keçmiş üzvü, təhsil eksperti Sona Əliyeva gələcəkdə ləğv olunma ehtimalı olan peşə sahələrindən danışarkən bildirdi.

O vurğuladı ki, bu peşələrdə çalışan insanlar üçün alternativ yollar və yeni ixtisaslaşma imkanları yaradılmalıdır:

"Peşə təhsili, rəqəmsal bacarıqlar üzrə təlimlər və ixtisasartırma proqramları genişləndirilməlidir. Finlandiya, Almaniya, Sinqapur və Cənubi Koreya bu sahədə nümunəvi siyasət yürüdür, onlar əmək bazarındakı dəyişikliklərə uyğun olaraq insan kapitalını yenidən formalaşdırır və işçilərin texnologiya ilə ayaqlaşmasına şərait yaradır".

Sona Əliyevanın sözlərinə görə, bəzi ixtisasların əmək bazarından çıxarılması qaçılmazdır.

"Lakin bu addım sadəcə bir ləğv prosesi deyil, eyni zamanda bir transformasiya mərhələsi kimi görülməlidir. Texnologiya inkişaf etdikcə, insanın rolu da dəyişməlidir, monoton işdən daha yaradıcı, çevik və rəqəmsal bacarıqlar tələb edən sahələrə doğru. Əsas məsələ bu keçidin şəffaf, mərhələli və insan mərkəzli şəkildə həyata keçirilməsidir", - deyə keçmiş deputat fikrini yekunlaşdırdı.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən