Mərkəzi Elmi Kitabxananın yenilənmiş elektron kitabxanasının təqdimatı OLDU

 19:19 16.07.2025     102

İyulun 16-da AMEA-nın Mərkəzi Elmi Kitabxanasında yenilənmiş elektron kitabxananın təqdimatı keçirilib.

Redaktor.az xəbər verir ki, tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, AMEA-nın Rəyasət Heyəti aparatının şöbə müdirləri, Azad Həmkarlar İttifaqının, elmi müəssisə və təşkilatların direktor müavinləri, elmi katibləri, elektron xidmətlər sahəsində və kitabxana işinə məsul əməkdaşları iştirak ediblər.

Tədbirdən öncə Mərkəzi Elmi Kitabxananın direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov elektron kitabxana işinin səmərəli təşkili, oxucuların rahatlığı və vaxta qənaət etməsi məqsədilə yeni alınmış avadanlıqlardan istifadə barədə məlumat verib və əyani nümayiş etdirib.

Təqdimat mərasimini giriş sözü ilə açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli son 3 il ərzində Milli Elmlər Akademiyasında aparılan çoxistiqamətli islahatlar içərisində elektron xidmətlərin genişləndirilməsi işinin mühüm yer tutduğunu söyləyib. Bildirib ki, XXI əsrin indiki mərhələsində elektron hərəkatın geniş miqyasda tətbiqi olduqca vacibdir.

Mərkəzi Elmi Kitabxananın elektron kitabxanasının yenidən təşkilinin yeniləşən Akademiyada bu istiqamətdə həyata keçirilən islahatların tərkib hissəsi olduğunu deyən akademik İsa Həbibbəyli bu işlərin böyük zəhmətin və gərgin əməyin nəticəsində ərsəyə gəldiyini vurğulayıb. AMEA rəhbəri qeyd edib ki, yenilənmiş sistemlə həm Akademiya işçiləri, həm də digər oxucular vaxt itkisi olmadan, kitabxanaya gəlmədən, istənilən yerdən kitabxananın xidmətlərindən istifadə edə biləcəklər və bu XXI əsrin çağırışı, tələbatıdır.

Akademiyanın həm regionlarda, həm də paytaxt Bakıda yerləşən elmi müəssisələrindəki kitabxanaların da elektronlaşmasının mühüm olduğunu deyən akademik İsa Həbibbəyli artıq bu istiqamətdə də bir sıra institutlarda işlərə başlanıldığını, növbəti il isə bütün müəssisələrdə yekunlaşdırılmasının nəzərdə tutulduğunu diqqətə çatdırıb, bununla bağlı institutların məsul şəxslərinə tapşırıqlarını verib.

AMEA-da elektron hərəkat istiqamətində görülmüş işlər barədə də məlumat verən akademik İsa Həbibbəyli bildirib ki, AMEA Rəyasət Heyətinin 2023-cü ilin yanvar ayında qəbul etdiyi qərarla AMEA-da “Elektron Akademiya” şöbəsi yaradılıb. AMEA-da elektron xidmətlərin müasir standartlar səviyyəsinə çatdırılması məqsədilə şöbənin müdiri riyaziyyat üzrə fəlsəfə doktoru Fariz İmranovun rəhbərliyi altında qısa müddətdə bir çox uğurlara imza atılıb. AMEA-nın elmi nəşrlərinin elektron versiyası yaradılıb, işıq üzü görən hər bir məqaləyə DOİ identifikatoru verilib, Akademiyanın 3 jurnalı TÜBİTAK-ın DərgiPark bazasına daxil edilib, həmçinin milli DərgiPark şəbəkəsi yaradılıb. Bundan əlavə, alimlərimizin məqalələrinə edilən istinadları hesablamaq məqsədilə milli istinad sistemi yaradılıb, eləcə də robot texnologiyaları, Vikipediya istiqamətində bir çox addımlar atılıb. Bu günlərdə şöbənin müdiri riyaziyyat üzrə fəlsəfə doktoru Fariz İmranov Çində süni intellektə həsr olunmuş beynəlxalq konfransda iştirak edib, dünya elmində bu sahədə gedən yeniliklərlə tanış olub.

AMEA rəhbəri, həmçinin Akademiyada arxiv işinin elektronlaşdırılması istiqamətində də fəaliyyətin həyata keçirildiyini, bu məqsədlə AMEA Rəyasət Heyəti aparatının Elmi irs şöbəsinin müasir avadanlıqlarla təchiz edilməyə başlandığını bildirib.

Eyni zamanda AMEA-nın “Elm” nəşriyyatının da fəaliyyətini müasir dövrün çağırışlarına uyğun qurması məqsədilə qurumun maddi-texniki təminatının gücləndirildiyini, nəşriyyatın ən müasir avadanlıqlarla təchiz olunması istiqamətində əməli tədbirlərin davam etdirildiyini söyləyib.

Akademik İsa Həbibbəyli bildirib ki, həyata keçirilən bu işlər dövlət başçısının tapşırıqları, çağırışları, müasir Azərbaycan dövlətinin prioritetləri əsasında aparılır və məqsəd XXI əsrə cavab verən, müasir Akademiya qurmaqdır.

Tədbirdə görülmüş işlər barədə interaktiv şəkildə məlumat verən MEK-in direktoru, texnika elmləri doktoru Hüseyn Hüseynov bildirib ki, ötən ilin sentyabr ayında kitabxanada yeni yaradılan elektron kitabxananın ilkin təqdimatı keçirilib. Direktorun sözlərinə görə, ilkin təqdimata qədər yenidən qurulmuş e-kitabxanaya 1470 PDF resurs daxil edilib, 8000 e-resurs hazırlanıb. Hazırda bu göstəricilərin sayı xeyli artıb. Belə ki, bu günə qədər e-kitabxana üçün hazırlanan 51 875 PDF kitabdan 32 345-i artıq sayta yüklənərək oxucuların istifadəsinə verilib və bununla da e-kitabxananın resurs bazası genişlənib.

Hesabat dövründə elektron kataloqa 127 000 yeni resurs əlavə olunub ki, bununla da elektron kataloqda resursların sayı 827 000-ə çatıb. Eyni zamanda, “E-kitabxanalara çıxış”, “Bazalara çıxış”, “E-layihələr”, “Audio fayllar”, “Avtoreferatlar”, “Xəritələr”, “E-jurnallar”, “E-biblioqrafiyalar”, “E-kitablar” da MEK-in saytına daxil edilib. Bundan əlavə, xarici elektron kitabxanalara və məlumat bazalarına əlçatanlıq təmin edilib. Belə ki, kitabxana saytından dünyanın 300-ə qədər aparıcı kitabxanasına birbaşa keçid verilib. Həmçinin buradan 60 adda xarici elmi bazalara da giriş təmin olunub ki, istifadəçilər istənilən elm sahələrinə dair axtarış edə, məqalə oxuya, tədqiqat işi, elmi jurnallarla tanış ola bilərlər.

MEK rəhbəri onu da qeyd edib ki, son dövrdə kitabxana saytı dizayn və istifadə baxımından əhəmiyyətli dərəcədə təkmilləşdirilib. Azərbaycan kitabxanaları arasında ilk dəfə olaraq genişlənmiş və əsaslı “Səsli axtarış” funksiyası tətbiq edilib, süni intellekt əsaslı “Kitabxana bələdçisi” yaradılıb. Bundan əlavə, inkluziv xidmət resurslarının hazırlandığını bildirən MEK rəhbəri onu da diqqətə çatdırıb ki, burada “Audio resurslar”, “Danışan kitablar”, “Audio teatr” kimi maraq doğuracaq bölmələr öz yerini tapıb.

Növbəti yeniliyi qeyd edən direktor vurğulayıb ki, artıq oxucular MEK-in Biblioqrafik xidmət sektorunun əməkdaşları ilə birbaşa onlayn canlı ünsiyyət yarada biləcəklər. İstifadəçilər “Whatsapp” platforması üzərindən əməkdaşlara kitabxana ilə bağlı sualları verməklə lazımi informasiyanı əldə edəcəklər. Direktor bildirib ki, oxucular bugündən etibarən binanın girişində yerləşdirilmiş məlumat-axtarış sistemi vasitəsilə istədikləri resursu müstəqil şəkildə sifariş edə biləcəklər.

Təqdimatda, həmçinin Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illiyi ilə bağlı AMEA-nın Tədbirlər Planına əsasən MEK-in “Bəxtiyar Vahabzadə” adlı elektron layihəsinin istifadəyə verildiyi qeyd edilib. Layihədə görkəmli şairin həyat və yaradıcılığı ətraflı şəkildə öz əksini tapıb.

22222222
Vumart və Güvən reklamı Vumart Güvən